"Qohumlarının da etibar etmədiyi həkimlər var" - "Semaşko"nun rəhbəri

"Qohumlarının da etibar etmədiyi həkimlər var" -    "Semaşko"nun rəhbəri
  14 Dekabr 2021    Oxunub:2305
"O həkimə yüksək əmək haqqı verilir ki, onun tibbi fəaliyyəti qənaətbəxşdir. Misal olaraq, Kliniki Tibbi Mərkəzdə 12 min manat əmək haqqı alan cərrahlar, 5 min manatdan artıq maaş alan mama-ginekoloqlar var. Amma 300 manat maaş alan mama-ginekoloq da var ki, onun son 6 aydakı əməliyyat sayı sıfırdır".
AzVision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin (Semaşko) direktoru Könül Ələkbərov deyib.
- Həmin həkimə deyirəm, sənin heç olmasa bir qohumun da yoxdurmu ki, barı onu müayinə edəsən?! Deməli, öz qohumları belə onlara etibar etmirlər. Belə olan halda başqası onun yanına niyə gəlsin?! Bildirirəm ki, artıq yolavermə kampaniyası bitib. Vətəndaş məmnunluğu lazımdır,- direktor bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi 6 ay müddətində mərkəzdə bugünə qədər olmayan urologiya və neyrocərrahiyyə şöbəsi açılıb: "Gün ərzində urologiya şöbəsinin əməkdaşları tərəfindən 12-15, neyrocərrahiyə şöbəsinin cərrahlar tərəfindən isə 4-5 əməliyyat icra olunur. Lakin əvvəlki 6 ayın statistikasına baxsaq, mərkəzdə rayon xəstəxanasında olduğu kimi, gün ərzində cəmi 5-6 əməliyyat həyata keçirilirdi. Bu gün isə gündə 35 əməliyyat icra olunur. Gələcək üçün texniki avadanlıqların yenilənməsi nəticəsində gündəlik əməliyyatların sayının 50-ni keçməsini planlaşdırırıq".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti