İlham Əliyev Bəhreyn Kralını və Qazaxıstan Prezidentini təbrik edib

   İlham Əliyev Bəhreyn Kralını və Qazaxıstan Prezidentini təbrik edib
  15 Dekabr 2021    Oxunub:574
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.
AzVision.az -ın məlumatına görə, mətndə deyilir:

"Hörmətli Kasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Müstəqillik illərində Qazaxıstan tarixi sınaqlardan şərəflə çıxaraq bütün sahələrdə sürətli inkişaf yolu keçmiş, böyük nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Azərbaycan Respublikası qardaş ölkənizin bu uğurlarına səmimi-qəlbdən sevinir.

Xalqlarımızı dərin tarixi kökləri olan dostluq münasibətləri birləşdirir. Bu gün bu xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir.

İnanıram ki, sıx tellər ilə biri-birinə bağlı olan xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq, səmərəli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Azərbaycan Prezidenti İlham Əliyev həmçinin Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb. Mətndə deyilir:

"Əlahəzrət,

Bəhreyn Krallığının milli bayramının 50-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu il Azərbaycan Respublikası ilə Bəhreyn Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur. İnanıram ki, dini və mədəni köklərlə bir-birinə bağlı olan xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

AzVision.az



Teqlər: İlham-Əliyev  



Xəbər lenti