“ASAN xidmət” təcrübəsi Birləşmiş Ərəb Əmirliklərində öyrəniləcək

“ASAN xidmət” təcrübəsi Birləşmiş Ərəb Əmirliklərində öyrəniləcək
  15 Dekabr 2021    Oxunub:1458
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri davam edir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a bildirilib ki, səfər çərçivəsində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə BƏƏ-nin kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qerqavi arasında görüş keçirilib. Görüşdə qarşı tərəfə “ASAN xidmət” mərkəzləri barədə ətraflı məlumat verib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Dövlət Agentliyinin elektron idarəetmə, sosial innovasiyalar və ailə bizneslərinə dəstək sahəsində (ABAD) həyata keçirdiyi fəaliyyətlər də qeyd olunub.

Bundan başqa “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi də diqqətə çatdırılıb.

Görüş çərçivəsində iki ölkə arasında dövlət xidmətlərinin göstərilməsi, sosial innovasiyalar, idarəetmənin müasirləşdirilməsi, könüllülük və digər müvafiq sahələr üzrə əməkdaşlığın həyata keçirilməsi, “ASAN xidmət” təcrübəsinin öyrənilməsi istiqamətində razılıq əldə olunub.

Qeyd edək ki, tərəflər arasında sözügedən sahələr üzrə hüquqi çərçivənin yaradılması məqsədilə Anlaşma Memorandumunun imzalanması da nəzərdə tutulur.

Eyni zamanda BƏƏ-nin Kabinet İşləri Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məhəmməd Bin Rəşid adına Hökumət İnnovasiyaları Mərkəzi, “Hökumət akselertorları”, “Vahid xidmət mərkəzi” və İmkanlar Nazirliyi ilə də tanışlıq həyata keçirilib. Nümayəndə heyətinin üzvlərinə müvafiq institutların fəaliyyəti barədə təfsilatlı məlumat verilib.

Səfər zamanı Dövlət Agentliyinin nümayəndə heyəti “Dubay Ekspo 2020” sərgisində təmsil olunan Azərbaycan milli pavilyonunu da ziyarət edib. Pavilyon barədə Dövlət Agentliyinin nümayəndə heyətinə ətraflı məlumat verilib.











AzVision.az



Teqlər: ASAN  





Xəbər lenti