Laçına giriş niyə Rusiya bayrağının rənglərinə boyanıb?! – FOTOFAKT

   Laçına giriş niyə Rusiya bayrağının rənglərinə boyanıb?! –    FOTOFAKT
  16 Dekabr 2021    Oxunub:3663
Laçının Zabuh kəndi ərazisində, Həkəri çayının üzərindəki körpünün yaxınlığındakı "хоş gəlmisiniz" stelası Rusiya Federasiyasının bayrağının rənglərinə boyanıb. Fotonu AzVision.az-a etibarlı mənbələrimiz göndəriblər.
Xatırladaq ki, Ermənistan tərəfindən Laçın dəhlizinin girişində yerləşdirilmiş bu eybəcər konstruksiya əvvəllər qondarma separatçı rejimin bayrağının rənglərində idi.

Noyabrın 26-da Moskvada keçirilən üçtərəfli görüşdən sonra sosial şəbəkələrin erməni seqmentinin əsas mövzusundan birinə çevrilmiş trend Rusiya sülhməramlılarının Qarabağdakı məsuliyyət zonasında olan erməni terrorçuların postlarındakı qondarma rejimin bayraqlarının endirilməsidir. Bəziləri buna tənqidlə yanaşsalar da, digərləri hesab edir ki, hərbi-taktiki cəhətdən belə daha əlverişlidir. Əsas odur ki, Xankəndidə separatçıların bayraqlarına toxunan yoxdur.

Müşahidələr göstərir ki, Laçın dəhlizində rast gəlinməsə də, bəzi təpələrdə yerləşən tərk edilmiş erməni mövqelərində separatçıların bayraqları hələ də dalğalanmaqdadır. Görünür, yaxın vaxtlarda onları da Suqovuşan yaxınlığında və Ağdərə yüksəkliklərində yerləşən keçmiş erməni postlarının aqibəti gözləyir.

Əsas sual isə başqadır: Rusiyadakı bəzi qüvvələrin yenicə başladığı "Qarabağın rus icması" oyununun fonunda, Laçına Ermənistan tərəfdən girişin məhz Rusiya bayrağı rəngində olması nə anlam və hansı məqsəd daşıyır?

Sülhməramlı missiyanın "rəsmi" rəngi mavi olsa da, dəhlizdə hərəkət edən Rusiya Silahlı Qüvvələrinə məxsus zirehli müşahidə-nəzarət avtovasitələri və hətta postlardakı ZTR-82A transportyorları "MC" yazılmış səma rəngindəki bayraqlarla deyil, Rusiya bayraqları ilə bəzədilib.

Sülhməramlıların mavi boya və ya parçaya ehtiyacları varsa, bu, başqa məsələ...


Teqlər: Qarabağ   Laçın   Rusiya  



Xəbər lenti