Prokurorluqda işləmək istəyənlərin təlimi başlayıb

Prokurorluqda işləmək istəyənlərin təlimi başlayıb
  16 Dekabr 2021    Oxunub:1099
Dekabr ayının 16-da Elm-Tədris Mərkəzində 2021-ci ildə prokurorluğa ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş 83 namizədin əyani şəkildə icbari təliminə başlanılıb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Tədbirin keçirilməsi ilə əlaqədar Mərkəz tərəfindən aktuallığı ilə seçilən, dinləyicilərdə ilkin peşə vərdişlərinin formalaşmasına töhfə verəcək mövzuları əhatə edən təlimin tədris proqramı və tədris-tematik planı tərtib edilib.

Tədris proqramı cinayət hüququ, cinayət prosesi, inzibati hüquq, kriminalistika, prokuror nəzarətinin təşkili, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ sahələrini, habelə Baş Prokurorluqda işin təşkili məsələlərini əhatə edən 50-dən artıq mühazirə və praktiki məşğələləri özündə ehtiva edir.

Təlimə prokurorluq, ədliyyə və səhiyyə orqanlarının təcrübəli işçiləri ilə yanaşı Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvlərinin təlimçi qismində cəlb edilməsi nəzərdə tutulub.

Pandemiya ilə əlaqədar karantin tədbirlərini və istehsalat təqvimini nəzərə almaqla təlimin 2021-ci ilin dekabr ayının 16-dan 2022-ci ilin yanvar ayının 12-dək Baş Prokurorluğun yeni inzibati binalar kompleksinin konfrans zalında keçirilməsi təmin olunacaq.

Tədbirin ilk günü Milli Məclisin deputatı, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzinin rəhbəri Kamal Cəfərov namizədlər qarşısında “Dövlət qulluğunda etik dəyərlər və davranış standartları” mövzusunda məruzə ilə çıxış edib.

Eyni zamanda, Elm-Tədris Mərkəzinin əməkdaşları tərəfindən namizədlərə “Müasir Azərbaycan Prokurorluğu: islahatlar və qarşıda duran yeni vəzifələr”, “Cinayət təqibi ilə bağlı azadlıq hüququnun məhdudlaşdırılması zamanı beynəlxalq standartlara əməl edilməsi metodikası” mövzularında da təqdimatlar edilib.

İcbari təlim davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti