E.Mirzəbəyli deyib ki, nəinki jurnalist, adi vətəndaş vətənini sevirsə, yüksək intellektə malikdirsə, şəxsi məqsədlərini milli və ictimai maraqlardan üstün tutmayacaq:
“Bütün sahələrdə olduğu kimi, jurnalistikada da problemlər mövcuddur. Təəssüf ki, media sahəsindən sui-istifadə edərək ictimai maraqlara zidd, qeyri-qanuni yollarla vəsaitin əldə edilməsi ilə məşğul olanlar da var. Media sahəsində peşəkarlığın səviyyəsinin aşağı olması kimi amillər təsadüfi adamların bu prosesə qoşulmasına gətirib çıxarıb. Onlar da müxtəlif yollarla vətəndaşların mənafeyinə ziyan vurmaqla özlərinin maraqlarını təmin edirlər”.
Reallaşdırılması nəzərdə tutulan islahatların effektivliyi qəbul olunan qərarların konseptual ardıcıllığından asılı olacaq
Əməkdar jurnalistin sözlərinə görə, bu sektordakı mövcud çatışmazlıqları başqa sahələrdən ayırmaq doğru olmaz:
“Media sahəsindəki istənilən problemə nəzərə salsaq, onun kökündə kənar amillərin dayandığını görə bilərik. Sadə bir nümunə gətirim. Əgər bu gün mətbuatın iqtisadi bazasının zəifliyindən bəhs ediriksə, o zaman bilməliyik ki, bu problemin çözümü mətbuatın daxilində deyil. İqtisadi baza zəifdirsə, yaxşı jurnalistin dəvət olunması, ayrı-ayrı istiqamətlər üzrə peşəkar kadr bazasının formalaşdırılması da qeyri-mümkündür. Bu halda media subyektinin ortaya daha keyfiyyətli məhsul qoymaq imkanı məhdudlaşır. İqtisadi bazanın gücləndirilməsi isə reklam bazarının geniş, əlçatan və rəqabətqabiliyyətli olmasından asılıdır. Məsələn, əgər bir məhsulun alternativi yoxdursa, sahibkar mediaya reklam verməyə maraq göstərməyəcək. Zənnimcə, bu problemlərin həlli istiqamətində fəaliyyət göstərən müvafiq qurumlar, islahatların aparılmasına yön verənlər də məsələnin mahiyyətindən xəbərdardırlar. Bu baxımdan, gerçəkləşdirilən və reallaşdırılması nəzərdə tutulan islahatların effektivliyi qəbul olunan qərarların konseptual ardıcıllığından asılı olacaq. Ümidvaram ki, islahatlar kompleks şəkildə həyata keçiriləcək”.
Baş redaktor onu da əlavə edib ki, media sahəsində aparılan islahatlar qısa müddətdə öz bəhrəsini verə bilməz:
“Hansısa parıltı effekti verən nailiyyətlərə sevinmək olmaz. Çünki islahatların aparılması uzunmüddətli və cilalama tələb edən prosesdir. Artıq pozitiv çalarlar görünür. Ümid edirik ki, nəticəsi yaxşı olacaq. Məncə, problemlər haqqında şikayətlənməkdənsə, peşəkar müstəvidə müzakirəsinə çalışmalıyıq. Firkimcə, medianın problemləri cəmiyyətimiz üçün o qədər də maraqlı deyil. Cəmiyyət maraqlıdır ki, media onun problemləri ilə maraqlansın və onları işqılandırsın. Artıq uzun müddətdir ki, biz bu yerləri səhv salmışıq. Öz problemlərimizi cəmiyyətin üzərinə yükləməyə çalışırıq. Yəni elə məsələlər var ki, bizim sektorumuza aiddir və onun həlli yollarını özümüz axtarıb tapmalıyıq”.
Əgər bu gün ciddi mətbuat oxunmursa, ona müəyyən qədər inamsızlıq varsa, günahı təkcə oxucuda axtarmaq olmaz
Klassik ənənələrə sadiq qalmaqla ölkədə çap mediasının mövcudluğunu qorumağın vacibliyindən bəhs edən E.Mirzəbəyli çap mediasının gələcəyinə də ümidlə baxır: “Bir çox ölkələrdə müəyyən zaman kəsiyində çap mediasının tirajı zəifləsə də, virtual yaşam tərzinə etiraz əlaməti olaraq yenidən qəzetə yönələnlərin sayı artır. Bizdə hələlik insanlar nisbətən əlçatan olan onlayn mediaya daha çox meyil göstərirlər. Təbii ki, jurnalistika nəsilləri arasındakı körpüləri yandırmamaq, köhnənin ən yaxşısını qoruyub saxlamaq, yeniliklər əlavə etmək şərti ilə uğur qazana bilərik. Bunun üçün jurnalistikamızın böyük potensialı olmasına şübhəm yoxdur. Təxminən 15 il bundan əvvəl yazmışdım ki, onun-bunun qarderobunda informasiya axtaran şou-biznes texnologiyasını daha peşəkar siyasi texnologiyalarla əvəz etməyin vaxtı çatıb. Əgər bu gün ciddi mətbuat oxunmursa, ona müəyyən qədər inamsızlıq varsa, günahı təkcə oxucuda axtarmaq olmaz, vaxtilə bu prosesin içərisində aktiv rol oynayan şəxslər də məsuliyyət daşıyırlar. Son 10 il ərzində yaranan problemlərin aradan qaldırılması üçün daha çox vaxta ehtiyacımız olacaq. Yeri gəlmişkən, bu yaxınlarda kağızın idxalının, istehsalının və satışının ƏDV-dən azad olunmasını çap mediasının qorunması və gələcək inkişafı baxımından mühüm hadisələrdən biri hesab etmək olar. Dövlət başçısının bu önəmli təşəbbüsü ilk növbədə ölkədə aparılan islahatların tərkib hissəsi kimi dəyərləndirilməlidir”.
Medianın müasir çağırışlara cavab verən hüquqi bazasının formalaşdırılması yönündə addımlara da diqqət çəkən Əməkdar jurnalist deyib ki, yeni qanun bir çox problemlərin həlli baxımından faydalı ola bilər: “İslahatların növbəti mərhələsində möhkəm və əsaslı platforma rolunu oynaya biləcək “Media haqqında” Qanun hüquqi çərçivə yaradacaq. Hazırda Milli Məclisdə müzakirə prosesində olan “Media haqqında” Qanunun müddəalarının həyata keçirilməsi isə biz jurnalistlərdən asılı olacaq. Əgər biz qanunların icrası prosesində fəal iştirakdan, müstəqil fəaliyyət üçün çaba göstərməkdən yayınsaq, ciddi nəticəyə nail ola bilmərik”.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


