Azərbaycanda münaqişədən ziyan çəkmiş ailələrə yardım edilib

Azərbaycanda münaqişədən ziyan çəkmiş ailələrə yardım edilib
  21 Dekabr 2021    Oxunub:768
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) Azərbaycanda münaqişədən ziyan çəkmiş insanlara zəruri yardım əşyaları paylanışının uğurla başa çatması barədə məlumat yayıb.
Bu barədə AzVision.az -a qurumdan verilən məlumata görə, təşkilat yardımın ərsəyə gəlməsi üçün beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqının (Aİ) maliyyə dəstəyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uğurlu əməkdaşlığına görə təşəkkürünü ifadə edib.

Avropa İttifaqının Humanitar Yardım ofisinin və digər donorların davamlı dəstəyi sayəsində BMT QAK odeyal, plastik örtük, günəş lampası, mətbəx dəsti və gigiyenik dəstlər kimi həyati əhəmiyyətli yardım əşyalarının Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli, Cəbrayıl, Goranboy, Naftalan, Gəncə, Mingəçevir şəhər və rayonlarında yaşayan və 2020-ci ildə baş vermis münaqişə, eləcə də COVİD-19 pandemiyası üzündən ziyan çəkmiş 19 min insan arasında paylanmasına nail olub. Ötən ay başlayan bu proses qış mövsümünün daxil olduğu kritik bir zamanda başa çatıb.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Miçalko deyib: “Müharibədən bir ildən çox vaxt keçməsinə baxmayaraq, biz hələ də insanların onun nəticələri ilə mübarizə apardıqlarını görürük. COVID-19 pandemiyası həssas ailələrin vəziyyətini daha da ağırlaşdırıb və regiondakı humanitar vəziyyət diqqətimizi cəlb etməkdə davam edir. Aİ tərəfindən maliyyələşdirilən humanitar fəaliyyətlər, BMT QAK ilə birgə bu gün bəyan edildiyi kimi, həssas ailələrə bu qışı keçirməyə kömək edəcək”.

Aİ Azərbaycanda və dünyada BMT QAK-ın əsas tərəfdaşı olaraq qalır və xüsusilə münaqişədən ziyan çəkmiş ərazilərdə ən ehtiyaclı insanlar üçün həyati əhəmiyyətli humanitar yardımların çatdırılmasında təşkilata dəstək olur.

“BMT QAK Avropa İttifaqının səxavətlə ayırdığı bu töhfəyə görə təşəkkür edir, belə ki, həmin vəsait hesabına, xüsusilə ötən il münaqişə üzündən ziyan görmüş ən həssas durumda olanlara, o cümlədən uşaqlara dəstək göstərilib ki, onların bir çoxu hələ də didərgin həyatı yaşayır və yardıma ehtiyacları var”, - BMT QAK-ın Azərbaycandakı Nümayəndəsi Guido Ambroso bildirib.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: BMT-Qak   Yardım  



Xəbər lenti