Bahar Muradovadan yeniyetmə və gənc qızların qaçırılmasına münasibət

Bahar Muradovadan yeniyetmə və gənc qızların qaçırılmasına münasibət
  22 Dekabr 2021    Oxunub:1409
Yevlaxdakı məsələ problemlərin, neqativ meyillərin hələ də qüvvədə olduğunu göstərir. Bunlarla bağlı cəmiyyət olaraq birgə fəaliyyət istiqamətlərini düşünməliyik
AzVision.az xəbər verir ki, bunu Ailə ,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yevlaxda 13 yaşlı qızın əmisi tərəfindən qaçırılması məsələsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, əmi tərəfindən belə bir hərəkətin baş verməsi ağlasığmayan bir haldır:

"Belə hal baş verirsə, bu insanın fərdi psixoloji durumuna bağlı bir məsələdir. Təhsil, maariflənmə, sağlamlıq istiqamətində görülən tədbirlər insana yönəlir. Təhsil yalnız elm, bilik öyrənməklə deyil, həm də insan olmaq üçün imkan yaradır. Bütün proseslərdən keçən insanlar nəticədə yaşının müəyyən vaxtında belə hərəkətə yol verirsə, bu, onun fərd olaraq problemi kimi qəbul olunur. Belə məsələlərə cəmiyyətin sərt reaksiyasının olmaması əhatəsində insanları dözümlu yanaşmasından irəli gəlir. Belə hallar evlənməyə cəhd kimi qiymətləndirmədən keçir. Düşünürəm ki, Ailə Məcəlləsinə daxil olan qanunvericiliyə əsasən ailə qurmağın hüquqi parametrlərini müəyyən edən müddəaları ciddi şəkildə tətbiq etməliyik. Belə məsələlərə yalnız hüquqi müstəvidə qiymət verməliyik".

B.Muradova qeyd edib ki, hər kəs törətdiyi hüquq pozuntusuna və cəmiyyətin birgə yaşayış qaydalarına zidd əmələ görə mütləq cəzalanmalıdır:

"Cəzalandıqda da cəmiyyət bunu adekvat qəbul etməlidir. Hansısa təzyiq aləti kimi görməməlidir. Təəssüf ki, belə halda kimsə cəzalandırıldıqda cəmiyyət bunu ailə qurmağa maneə kimi qəbul edir. Bunu gənc bir oğlanın hədələnməsi kimi qəbul olunur. İnsanlar nə istədiyini, bəyənmədiyini açıq ortaya qoymalı, prinsipial mövqe tutmalıdır. Çünki bu, bizim hər birimizin ailəsinə aiddir".

B.Muradova qeyd edib ki, bu hadisə komitənin diqqətindədir: "Hüquq-mühafizə orqanları ilə birlikdə prosesə cəlb olunmuşuq. Əlbəttə ki, üzərimizə düşən vəzifələri yerinə yetiririk. Hüquqi dəyərləndirmədən sonra qızın gələcək psixoloji vəziyyəti ilə bağlı qərarların qəbul olunmasında iştirak edəcəyik".

Aytən Zəhra
AzVision.az



Teqlər: Ailə   Qadın  





Xəbər lenti