Xəzərin səviyyəsi 18 metr aşağı düşə bilər
"Onlar arasında su çatışmazlığı, kənd təssərüfatı məhsuldarlığına təsir, quraqlıq, Xəzərsahili ərazidə iqlim dəyişmələrinin təsiri ilə bağlı meydana çıxan problemlər və digərləridir. Dünyanın ən qədim su hövzələrindən olan Xəzər dənizinin səviyyəsinin tərəddüdləri son illərdə ən çox müzakirə edilən məsələlərdəndir. Dənizin səviyyəsinin əsrin sonunadək xeyli enəcəyi bildirilir. Sözsüz ki, bütün bunların sonda dənizin ekosisteminə, Xəzəryanı ölkələrin isə ətraf mühitinə və iqtisadi həyatına ciddi təsir göstərəcəyi də istisna edilmir".
ETSN rəsmisi qeyd edib ki, iki qitə arasında yerləşən Xəzərin dünya okeanı ilə birbaşa əlaqəsi yoxdur və onun səviyyəsi daim tərəddüdlərə məruz qalıb: "Ötən əsrin 30-cu illərindən 1977-ci ilədək Xəzərin səviyyəsi 3 metr aşağı düşərək son 400 ilin ən minimal hüduduna (-29 m) çatıb. Lakin 1977-ci ildən 1995-ci ilədək səviyyə 2.5 m qalxaraq 1995-ci ildə -26.5 metrə yaxın olub. Bu zaman bir çox ərazilər su altında qalmış və təsərrüfat sahələrinə ciddi ziyan vurulub”.
O qeyd edib ki, son 25 il ərzində qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində səviyyə yenidən aşağı düşərək -28 metr olub: “İqlim dəyişmələrinə dair ssenarilərdə isə gələcəkdə havanın temperaturunun və buxarlanmanın artması nəticəsində səviyyənin daha da aşağı düşməsi gözlənilir. Alman və holland alimləri tərəfindən aparılan tədqiqatlara, müxtəlif ssenarilərə əsasən, əsrin sonunadək Xəzərin səviyyəsi gözlənilən qlobal istiləşmə ssenarilərinə görə bugünkü səviyyə ilə müqayisədə daha 9 və ya 18 metr aşağı düşə bilər. Həmin tədqiqatlara görə ölkələr 2015-ci ildə imzalanmış olan istilik effekti yaradan qazların atmosferə atılmasının azaldılmasına dair Paris Razılaşmasının tələblərinə əməl etməklə temperatur artımını məhdudlaşdırarsa Xəzərin səviyyəsi əsrin sonunadək yalnız 9 metr düşər, əks halda isə 18 metr aşağı düşə bilər”.
R.Hacıyev qeyd edib ki, Xəzəryanı ölkələrin mütəxəssisləri tərəfindən də gələcəkdə səviyyənin müxtəlif dərəcələrdə düşməsi proqnozlaşdırılır: "Gələcəkdə səviyyənin aşağı düşməsi həm ekoloji baxımdan, həm də iqtisadi və siyasi baxımdan ciddi problemlər yarada bilər. Məsələn, dənizin Şimal hisəsində böyük ərazi quruya bilər. Sahilyanı ekosistemə ciddi təsir olar, rekreasiya və turizm sahəsində, sahilyanı ərazidə yerləşən infrastrukrurun fəaliyyətində ciddi çətinkliklər yarana bilər. Bu prosses eyni zamanda biomüxtəlifliyə mənfi təsir edər və dəniz canlılarının populyasiyalarının ciddi azalmasına gətirə bilər. Xüsusilə də, Qızılağac körfəzində və digər sahələrdə bataqlıqların quruması köçəri quşların miqrasiyasında ciddi problemlər yarada bilər.
Hesab edirik ki, bu gün ölkəmizin və bütün Xəzəryanı dövlətlərin mütəxəssisləri səviyyə dəyişikliklərinin tədqiqi və onlarla bağlı yaranacaq problemlərin həlli və ya mənfi təsirlərinin azaldılması istiqamətində lazımi tədbirlərin və onların icra yollarının tez bir zamanda müəyyən edilməsi üçün bir araya gəlməlidirlər".
Aytən Zəhra
AzVision.az
Teqlər: Xəzər-dənizi