“Art Zone Week” uğurla başa çatdı – FOTOLAR

   “Art Zone Week” uğurla başa çatdı –    FOTOLAR
  26 Dekabr 2021    Oxunub:3483
Qısa müddətdə ölkənin incəsənət icmasında populyarlıq qazanmış “Art Zone Week” rəngkarlıq Simpoziumu ötən ildə iki dəfə uğurla həyata keçirilib. Bu uğurda ilk növbədə tədbirdə iştirak edən Azərbaycanın görkəmli rəssamların fədakar əməyini qeyd etmək lazımdır. Vətən Müharibəsində qazanılmış şanlı qələbəmizdən bəhrələnən fırça ustalarımız düşüncələrində yaratdıqları obrazları kətan üzərinə köçürməklə incəsənətimizə növbəti töhfələrini veriblər.

Dövlət Turizm Agentliyinin dəstəyi ilə baş tutan 4-cü Simpozium yeni il ərəfəsində, ənənəvi olaraq başı qarlı, möhtəşəm “Şahdağ” Turizm Mərkəzində keçirilirdi. Respublikamızın sayılıb-seçilən, adlı-sanlı rəssamları “Şahdağ” Hotel & SPA-da yaradılan ideal şəraitdə yaşayıb-yaratmaqdan həzz alaraq, gözəl sənət nümunələri ərsəyə gətirdilər. Simpoziumun formatına uyğun olaraq, bu əsərlər yazın əvvəlinədək “Şahdağ”a gələn yerli və xarici qonaqların diqqətinə təqdim ediləcək. Bu isə gözəl bir sosial layihənin nəticəsi kimi Azərbaycan mədəniyyətinin və incəsənətinin fərqli formada təbliği anlamına gəlir.


Turizm sənayesi ölkəmizin qədim tarixinin, unikal coğrafiyasının, zəngin mətbəxinin nümayişi ilə bərabər, eyni zamanda mədəniyyətinin, incəsənətinin təbliği üçün gözəl imkanlar yaradır. İnsan həm də mənəvi qidaya möhtacdır. “Art Zone Week” Simpoziumu rəngkarlıq sənəti vasitəsilə fırça ustalarımızla birbaşa təmas yaradır, mənəviyyatımıza rəng qatır və mədəniyyətimizi daha da zənginləşdirir.


Simpozium rəssamların mütəmadi olaraq bir məkanda yaşayıb-yaratmaqları üçün unikal platformadır. Budəfəki “Art Zone” həftəliyinin iştirakçıları yeni əsərlər yaratmaqla bərabər, onların yaradıcılığına həsr olunmuş qısametrajlı sənədli filmlərə baxış keçirdilər. İncəsənətimizin fəadilərinə, rəssamlarımızın fərqli formatda tanıtımına həsr olunan bu filmlər yeni ildən “Xəzər” televiziyasında nümayiş etdiriləcək.


Ənənəyə sadiq qalaraq, Simpoziumun keçirildiyi bölgənin orta məktəblərində təhsil alan şagirdləri və rəssamlığa həvəs göstərən gənclər “Art Zone”-un qonağı oldular. Adəti üzrə tanınmış fırça ustaları onlara “Ustad dərsləri” keçirdilər, rəngkarlıq sənətinin incəliklərindən söhbət açdılar. Ölkənin say-seçmə rəssamları ilə yaradılan birbaşa təmas, gənclərin həyatında yaşatdığı hisslər onların doğru dürüst formalaşmasında əlbəttə ki, öz müsbət nəticəsini göstərəcək.
“Art Zone Week” Simpoziumu qarşısında qoyduğu məqsədlərdən biri də bu kimi sosial məsuliyyətləri yerinə yetirməkdən ibarətdir.


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevanın bu dəfəki “Art Zone Week” Simpoziumuna təşrif buyurması yeni bir ənənənin – mədəniyyətimizin inkişafına məsul rəsmi şəxslərin bu tip sosial layihələrə diqqətinin əsasını qoymuş oldu. Millət vəkili rəssamların bir həftə ərzində “Şahdağ”da ərsəyə gətirdikləri əsərlərlə tanış oldu və heyranlığını gizlətməyərək, bu cür tədbirlərin davamlı olmasını dilə gətirdi. Jurnalistlər qarşısında çıxış edən Komitə sədri “Art Zone” rəngkarlıq Simpoziumunun ənənəvi olaraq təşkil edilməsində göstərdikləri dəstəyə görə Dövlət Turizm Agentliyinə, həmçinin də “Şahdağ” otelinin rəhbərliyinə minnətdarlığını bildirdi. Qənirə xanım Yeni il öncəsi rəssamlara qiymətli hədiyyələr bağışladı, onları Simpoziumun Sertifikatları və Diplomları ilə təltif etdi.


Simpoziumun qurucusu və rəhbəri Şakir Eminbəyli mədəniyyət və incəsənət həftəsinin baş tutmasında bir daha Azərbaycan Turizm Agentliyinə və “Şahdağ” Hotel & SPA rəhbərliyinə təşəkkürünü bildirdi. O rəssamlar və öz adından növbəti illərdə də bu gözəl ənənəni davam etdirmək arzusunu vurğulayaraq, “Art Zone Week” rəngkarlıq Simpoziumuna burada keçirilməsində maraqlı olduqlarını dilə gətirdi. Xatırladaq ki, 4-cü “Art Zone Week” Simpoziumunda ərsəyə gələn rəsm əsərləri mart ayının əvvəllərinədək “Şahdağ” Hotel & SPA-da sərgilənəcək.

Qalereya




Teqlər: Art-Zone  





Xəbər lenti