Qarabağ və Şərqi Zəngəzurda səhralaşma riski çox yüksəkdir
Tədqiqatda qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzurun kənd təsərrüfatı fonduna aid olan torpaqlarının 576,8 min hektarı su eroziyasına uğrayıb: “Yevlax, Bərdə, Ağcabədi rayonlarının torpaq fondunun xeyli hissəsi, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Tərtər rayonlarının torpaqlarının qismən hissəsi şorlaşma və təkrar şorlaşmaya məruz qalıb. Qarabağ və Şərqi Zəngəzur ərazisinin işğal altında qaldığı otuz ilə yaxın bir müddətdə təbii və antropogen landşaftlar tənəzzül edib. Ötən otuz il müddətdə işğala məruz qalmış inzibati rayonlarda torpaqlar vəhşicəsinə istismar edilib, hər il əkin və örüş otlaq sahələri yandırılıb, yeraltı sərvətlər talan edilib. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda səhralaşma prosesi intensiv xarakter alıb. İşğaldan azad olmuş inzibati rayonların ərazilərində əhalinin məskunlaşdırılması zamanı, landşaft planlaşdırması işlərini həyata keçirərkən neqativ hallar aradan qaldırılmalıdır. Tədqiqat ərazisində səhralaşmaya səbəb olan örüş-otlaq sahələri Füzuli, Cəbrayıl, Ağdam və Yuxarı Qarabağ bölgəsinin payına düşür”.
Coğrafiya İnstitutu tərəfindən Qarabağ və Şərqi Zəngəzurun irimiqyaslı səhralaşma riskləri xəritəsi tərtib edilib. Xəritənin təhlilindən məlum olur ki, ərazinin 37,1%-i çox yüksək, 6,0%-i yüksək, 20,6%-i orta, 10,5%-i mülayim, 11,7%-i zəif, 14,1%-i isə çox zəif səhralaşma riskli landşaftlardır.
AzVision.az