"Bir-birimizə tikanlı atmacalar atmadıq" - Ermənilərlə görüşən Kamal Abdulla

 "Bir-birimizə tikanlı atmacalar atmadıq" -  Ermənilərlə görüşən Kamal Abdulla
  27 Dekabr 2021    Oxunub:2991
Azərbaycan və Ermənistanın bir qrup ziyalısı Moskvada Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun vasitəçiliyi ilə görüşüblər.
Bu görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Ermənistanı İrəvan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, İrəvan Rus Dram Teatrının direktoru Marianna Mxitaryan və Ermənistan Kinematoqrafçılar İttifaqının prezidenti Harutyun Xaçatryan təmsil edib.

AzVision.az Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı Kamal Abdullanın görüşdən sonrakı fikirlərini öyrənib.

- Görüşümüz siyasətdən tamamilə uzaq bir şəkildə xalqlarımızın gələcəkdə dinc yaşamasının mədəni, etik bünövrələrinin müəyyənləşdirilməsi məqsədini daşıyırdı. Bu baxımdan yanaşanda belə görüşlərə ehtiyac olduğunu düşünürəm. Zənn edirəm ki, müharibəsiz gələcəyimiz və bu ərazilərdə yaşayan insanları bir-birinə yaxınlaşdırmaq üçün hansısa addımları atmaq lazımdır. Doğrudur, bizim problemlərimiz hələ bitməyib. Olsun ki, onların da hansısa arzuları, niyyətləri həyata keçməyib, daşa dəyib. Əlbəttə ki, bunlar siyasi və digər müstəvilərdə olan məsələlərdir. Bizim müstəvimiz isə sadəcə ona yönəlmişdi ki, erməni tərəfi ilə biz gələcəkdə bir- birimizi anlaya biləcəyikmi, yoxsa yox? Məqsəd bu sualın cavabını axtarmaqdan ibarət idi.
"Əvəllər özünü dartan Erməni rejissor bu dəfə başqa cür idi" - Ayaz Salayev

- Baxışlar üst -üstə düşdümü?
- Mənə elə gəlir ki, bu görüş səmimi bir şəraitdə keçdi. İnandıq ki, Ermənistan tərəfi də gələcəklərini müharibəsiz, savaşsız görmək istəyir. Onlar da “dinc, yanaşı yaşamaq istiqamətində nə edə bilərik?” sualına cavab axtarırlar. Bu əlbəttə, bizim üçün də maraqlı idi. Qalib xalqın nümayəndələri kimi həm də onda maraqlıyıq ki, bizim həqiqətimizi onlar qəbul etməyə məhkumdurlar. Belə də olacaq. Həqiqət ondan ibarətdir ki, Qarabağ Azərbaycandır! Bunu müzakirə etməyə qəti ehtiyac yoxdur. Müharibə və status məsələsi geridə qaldı. Biz bu gün “Sabah necə yaşayacağıq?” prinsiplərindən danışdıq. Və elə güman etdik ki, bizim qəlbimizdə şəfqət olmalıdır. Bir-birimizə qarşı inamsızlığı yox etməliyik. Gələcək nəsillərin həyatını firavan qurmaq üçün müəyyən əsasları axtarıb tapmaq vacibdir.

- Qarşı tərəf bu məsələdə “əl uzatmağa” hazırdırmı?
- Bəli. Görüş çox normal və mədəni şəraitdə keçdi. Heç bir tərəfdən hansısa tikanlı atmaca olmadı. Bir-birimizin dediklərini anladıq. Tarixmizin bizi birləşdirən məqamlarını yadımıza saldıq. Ümumi mövzularda, xalqlar dostluğundan yazan şair və dramaturqlar yada düşdü. Gələcəyə hansısa addımları bu cür atmaqla irəliləmək olar.

- Bu görüşlərin davamı olacaqmı...
- Orada belə bir təklif oldu ki, görüşlər bir az genişləndirilmiş, daha gənc qüvvələrin də əlavə edilməsi formatında davam etsə, məqsədəuyğun olar. Düşünürəm ki, əgər bu görüşlər böyük siyasətə azacıq da olsa, fayda verərsə, böyük siyasətin qurulması işində öz xeyirxah missiyasını yerinə yetirərsə, bəli, bu görüşləri davam etdirməyə dəyər.

- Necə fikirləşirsiniz, erməni ziyalıların revanşist qüvvələrə hansısa bir təsiri olacaqmı? Qarabağ erməniləri onları dinləyəcəkmi?
- Onu demək bizə yəqin ki, çətin olar. Çünki Ermənistanda daxildə də ciddi siyasi qarşıdurmalar var. Bu ziyalılar ölkədə birmənalı şəkildə qarşılanmırlar. Onlara inamsızlıq göstərən insanlar və jurnalist dəstələri var. Bəlkə də onlar elə belə hesab edirlər ki, bu istiqamətdə danışıqlar aparmağa dəyməz. Mənə elə gəlir ki, öz aralarında olan ziddiyətləri ləğv edərlərsə, bir-birlərini anlayarlarsa, bu cəmiyyət əvvəl-axır başa düşəcək ki, azərbaycanlılar qəlbi, ürəyi açıq bir xalqdır. Və azərbaycanlıları erməni tərəfi heç zaman yalançı səmimiyyətləri ilə aldada bilməyəcək. Mənə elə gəlir ki, əgər onlar bu anlayışı özləri üçün müəyyənləşdirsələr, ancaq xeyirlərinə olar.

- Erməni ziyalıları müharibənin labüdlüyünü qəbul ediblərmi?
- Onlar müharibənin nəticəsini tam olaraq qəbul ediblər. Bu onların psixoloji vəziyyətində də özünü göstərirdi. Əlbəttə ki, gələcəklərini müharibəsiz görmək istəyirlər. Buna isə erməni tərəfini Azərbaycanın gücü, qətiyyəti, cəsarəti məcbur etdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Dialoq  





Xəbər lenti