Köhnə maşınların qeydiyyatı üçün dövlət rüsumu azaldılır

   Köhnə maşınların qeydiyyatı üçün dövlət rüsumu azaldılır
  29 Dekabr 2021    Oxunub:1114
Gələn il yanvarın 1-dən nəqliyyat vasitələrinin qeydiyyatına və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına görə bir sıra dövlət rüsumları dəyişir.
AzVision.az -ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət rüsumu minik avtomobillərinin yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları ilə əlaqədar, habelə burada nəzərdə tutulmayan digər hallarda avtonəqliyyat vasitələri üçün 10 manatdan 20 manata, motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 5 manatdan 10 manata qaldırılır.

İndiyə qədər yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Artıq bu məsələ də qanunla tənzimlənəcək.

Beləliklə, dövlət rüsumu yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə aşağıdakı kimi olacaq:

- 2000 kubsantimetrədək olduqda - mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat;
- 3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat;
- 4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat;
- 5000 kubsantimetrədək olduqda - 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat;
- 5000 kubsantimetrdən çox olduqda – 1500 manat.
Bu rüsumlar Nazirlər Kabineti tərəfindən təsdiqlənən və indiyə qədər qüvvədə olan (31 iyul 2018-ci il , № 336 saylı qərar) dövlət rüsumları ilə eynidir. Ancaq artıq bu qanunla müəyyən olunacaq dövlət rüsumunun məbləğlərinə minik avtomobillərinin istehsal tarixindən asılı olaraq aşağıdakı əmsallar tətbiq ediləcək:
- istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0;
- istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8;
- istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3.

Başqa sözlə, istehsal tarixi 4 ildən çox olan avtomobillərdən başlayaraq dövlət rüsumunun məbləği azalacaq.

AzVision.az



Teqlər: Qeydiyyat  





Xəbər lenti