Ermənilər Ağdamda “Bakcell"in əməkdaşını yaralayıb, cinayət işi başlanılıb

   Ermənilər Ağdamda “Bakcell"in əməkdaşını yaralayıb, cinayət işi başlanılıb
  30 Dekabr 2021    Oxunub:1068
Erməni Silahlı Qüvvəlləri Ağdamda xidməti vəzifəsini icra edən "Bakcell" MMC-nin əməkdaşınına atəş açaraq yaralayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilən "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla "Bakcell" MMC-nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

AzVision.az


Teqlər: Ağdam  





Xəbər lenti