Rusiyanı NATO ilə danışıqlarda Qruşko təmsil edəcək

Rusiyanı NATO ilə danışıqlarda Qruşko təmsil edəcək
  05 Yanvar 2022    Oxunub:780
Rusiya-NATO Şurasının iclasında Moskva Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə təmsil olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

O bildirib ki, qarşıdakı görüşdə özü, eləcə də Müdafiə Nazirliyinin nümayəndələri iştirak edəcək.

NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı Rusiya-NATO Şurasının iclasının yanvarın 12-də keçiriləcəyini təsdiqləyib. Stoltenberqin sözlərinə görə, ilk növbədə Ukrayna ilə bağlı olan Avropanın təhlükəsizliyi məsələsinin müzakirəsi planlaşdırılır.

Bundan əlavə, yanvarın 10-da Cenevrədə Rusiya ilə ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə Moskvanın təklifləri üzrə danışıqların aparılması nəzərdə tutulub.
Qeyd edilən təkliflərin Rusiya-NATO Şurasında, yanvarın 13-də isə Vyanada ATƏT-in toplantısında müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, 2021-ci ilin sonunda Rusiya təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ və NATO ilə saziş layihələrini dərc edib. Moskva, xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru daha da genişlənməsindən, Ukraynanın bloka qoşulmasından və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina üçün hüquqi təminat istəyir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   NATO  



Xəbər lenti