Universitetdən borclu tələbələrin adlarının divara vurulması ilə bağlı Açıqlama

 Universitetdən borclu tələbələrin adlarının divara vurulması ilə bağlı  Açıqlama
  06 Yanvar 2022    Oxunub:2115
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti təhsil borcu olanların adlarının kağıza yazılaraq divara yapışdırılması haqqında yayılan şəkillərə aydınlıq gətirib.
ADMİU-dan AzVision.az - a verilən açıqlamada bildirilib ki, bakalavr təhsil pilləsində bütün ödənişli ixtisaslar üzrə illik təhsil haqqı1800 manatdır: "Universitetə ödənişli əsaslarla qəbul olan tələbələrlə bağlanmış fərdi müqavilənin “Ödəniş qaydaları” bölməsinə əsasən, onlar ödəmənin qaydalarıyla tanış olur və müvafiq imzayla şərtləri qəbul etdiklərini təsdiqləyirlər.

Bununla belə, ADMİU rəhbərliyi təhsil haqqına görə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir tələbəni universitetdən xaric etmir, humanist yanaşaraq onlara təhsil haqqını ödəməsi üçün müəyyən edilmiş zamandan daha uzun müddət vaxt verir.

Sözügedən siyahıya nəzər saldıqda görmək olar ki, həmin siyahıda 3600 AZN, 3500 AZN, 3352 AZN kimi böyük məbləğlər var. Bu da təhsilinin III və ya IV ilində olan tələbənin 2 (iki) təhsil ilinin haqqını ödəmədiyi halda, kursdan kursa keçirilməsində universitet rəhbərliyi tərəfindən bir problem yaradılmadığının sübutudur. Bu şəxslərin arasında xüsusi imtiyazlı tələbələr yoxdur.

Sosial şəbəkələrdə ADMİU ilə bağlı yazılmış iddialar əsassızdır. Bildiririk ki, görüntüləri yayımlanmış siyahı universitetdə nümayiş etdirilməyib. Universitet rəhbərliyinin təhsil haqqını ödəməyən tələbələrin siyahısının nümayişiylə bağlı heç bir tələbi olmayıb. Bu siyahı semestr imtahanları öncəsi sadəcə bir fakültənin dekanlıq daxilində tyütorlar və mühasibatlıq üçün məlumat xarakterli hazırlanmış siyahısıdır. Daxili sənədin şəklinin çəkilərək yayılması təəssüf doğrurur".





AzVision.az



Teqlər:





Xəbər lenti