Astaranın Diqo kəndində 34 şagird üçün modul tipli məktəb tikiləcək - Təhsil şöbəsi

   Astaranın Diqo kəndində 34 şagird üçün modul tipli məktəb tikiləcək -    Təhsil şöbəsi
  07 Yanvar 2022    Oxunub:2903
Astaranın Diqo kəndində yeni modul tipli məktəb tikiləcək.

Bu barədə AzVision.az -a açıqlamasında Astara rayon təhsil şöbəsinin müdir əvəzi Vüsal Rzayev deyib. O bildirib ki, kənddə 34 şagird tam olaraq təhsilə cəlb olunub:
"Şagirdlər 5-6 km uzaqlıqda qonşu kənddəki məktəbə gedirlər. Qış aylarında təpə və meşəlik ərazidən keçmək çətin olur. Xüsusilə ibtidai sinifləri hər gün valideynləri aparıb gətirir. Ona görə Diqo kəndində yeni modul tipli məktəbin tiktinsi planlaşdırılır. Məktəb ibtidai siniflər üçün nəzərdə tutulacaq. Bundan sonra şagirdlər təhsilini davam etdirmək üçün yenə qonşu kəndə getməli olacaqlar".

Təhsil Nazirliyindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, bu il tikintisi planlaşdırılan modul tipli məktəblərin siyahısına Diqo kənd məktəbinin də adı təqdim olunacaq.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, kəndin 10 yaşlı sakini Vahabov Şindan Şəkər oğlunun təhsil məsələsi ilə bağlı rayon təhsil şöbəsi tərəfindən araşdırma aparılıb:

"Şindan ibtidai təhsilini Şəvqo kənd ibtidai məktəbində alıb. Hazırda Pəlikəş kənd tam orta məktəbin V sinif şagirdidir. Şagirdin valideynindən sağlamlıq haqqında arayışın istənilməsi və məsafənin uzaqlığı səbəbindən onun davamiyyətində problem yaranıb".

Qeyd edək ki, son 5 ildə Astaranın ucqar dağ kəndlərində 9 modul tipli məktəb istifadəyə verilib.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti