Polisi ittiham edən “qazi" saxtakar çıxdı – FOTOLAR

   Polisi ittiham edən “qazi" saxtakar çıxdı –    FOTOLAR
  13 Yanvar 2022    Oxunub:2729
Bu gün özünü “Vətən müharibəsi qazısı” kimi təqdim edən bir neçə şəxs Daxili İşlər Nazirliyinin qarşısında mediaya açıqlama verərək, polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldıqlarını iddia ediblər. Onlar onlayn yolla yemək çatdırma xidməti həyata keçirdikləri üçün gecə saat 12-dən sonra da fəaliyyət göstərdiklərini deyiblər.
Həmin şəxslər bildiriblər ki, Sabunçu rayonunda yerləşən obyektin qapısı bağlı olarkən içəridə 4 nəfər işçi olub: “Polislər içəri daxil olub bizi döydülər, qazi olduğumu desək də, bizi döydülər”.


DİN mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev nazirliyin qarşısında toplanan şəxsləri qarşılayaraq mediaya açıqlama verib. O bildirib ki, karantin rejiminə görə obyektlər gecə saat 12-dək fəaliyyət göstərə bilərlər: “Yanvarın 11-də həmin obyekt gecə saat 04-ə qədər işləyib. Ərazidə olan polis əməkdaşları daxil olan məlumat əsasında tam qanuni olaraq obyektə baxış keçiriblər. Məlum olub ki, obyekt karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərir”.


E.Hacıyev qeyd edib ki, vətəndaşların təzyiqə məruz qalması ilə bağlı iddialar araşdırılacaq: “Özünü qazi kimi təqdim edən və orada olduğunu bildirən Orxan İmanov baxış keçirilərkən obyektdə olmayıb. Bu şəxs bir neçə obyektlərdə qazi adı altında “qazilərin obyektidir”, “qazilərin iş yeridir” deyərək havadarlıq edir. Dəfələrlə bu şəxslə profilaktik söhbətlər aparılıb”.


Əlavə edək ki, Orxan İmanov əvvəlcə hadisə zamanı orada olduğunu desə də, sonradan bunu təkzib edib. O, iddia edib ki, İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.


“Qafqazinfo.az” saytının məlumatına görə, həmin restoranın Orxan İmanova heç bir aidiyyəti yoxdur, tamamilə, başqa bir şəxsin adınadır. Özünü Vətən müharibəsi qazisi kimi təqdim edən Beyləqan rayon sakini, 1991-ci il təvəllüdlü İmanov Orxan Sərxan oğlu Qarabağ müharibəsində, ümumiyyətlə, iştirak etməyib. Gizir rütbəsində olan O.İmanovun 2019-cu ildə səhhətində yaranan xəstəliyə görə ordu sıralarından tərxis edildiyi bildirilir. Özünün aksiya zamanı təqdim etdiyi vəsiqədə də 2019-cu ildə xəsarət aldığı, 2020-ci il mayın 5-də ona vəsiqənin təqdim edildiyi qeyd edilib. Onun 2020-ci ildə Vətən müharibəsində iştirak etməsi və buna görə dövlət mükafatlarına layiq görülməsi barədə iddialarının yalan olduğu qeyd olunur. Onun mütəmadi olaraq qazilərlə birgə aksiyalarda iştirak etdiyi bildirilir.

Qeyd edək ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bibər Pizza” restoranında baş verib. Polislər obyektə gecə saat 03:50 radələrində baxış keçiriblər.

Teqlər: Qazi   Saxtakar  







Xəbər lenti