Kosmosa uçuş qırmızı qan hüceyrələrini məhv edir

Kosmosa uçuş qırmızı qan hüceyrələrini məhv edir
  17 Yanvar 2022    Oxunub:767
Kosmosa uçan insan orada bir qədər vaxt keçirdikdn sonra onun qırmızı qan hüceyrələri təxminən 50% daha sürətli parçalanmağa başlayır. Nəticədə orqanizmdə qan azlığı yaranır.
AzVision.az
xəbər verir ki, bu barədə "Nature Medicine" elmi jurnalında dərc edilən məqalədə qeyd edilib.

"İlk kosmik uçuşlardan bu günə qədər Yerə qayıdan insanlara tez-tez qan azlığı diaqnozu təyin edilir. Lakin bunun səbəbləri sirr olaraq qalırdı. Araşdırmalar nəticəsində məlum oldu ki, kosmosa uçan andan geri qayıdana qədər bədəndə qırmızı qan hüceyrələrinin parçalanma sürəti kəskin şəkildə artır ", - tədqiqatın müəlliflərindən biri, Ottava şəhər xəstəxanasının elmi işçisi Qi Tryudel bildirib.
Artıq uzun illərdir ki, tədqiqatçılar kosmosdaki həyatın insan və heyvanların sağlamlığına və immun sisteminin fəaliyyətinə necə təsir etdiyini öyrənirlər.
Məsələn, bu yaxınlarda müəyyən edilib ki, kosmosa uzun sürən uçuşlar bel əzələlərini zəiflədir və ürəyin "yuvarlaqlaşmasına" səbəb olur. Heyvanlar üzərində aparılan təcrübələr də göstərir ki, Marsa uçuş kosmik şüaların beyin hüceyrələrinə təsir edir. Nəticədə Marsa uçuş astronavtların psixika və zehni qabiliyyətlərinə mənfi təsir göstərə bilər.

Tryudel və həmkarları bəzi astronavt və kosmonavtlarda uzun müddət çəkisizlikdə qaldıqdan sonra baş verən "kosmik qanazlığı"-nın səbəblərini müəyyən ediblər. Onlar bunu stansiyanın göyərtəsində toplanan 14 Beynəlxalq Kosmik Stansiya (BKS) ekipaj üzvünün nəfəs və qan nümunələrini təhlil edərkən kəşf ediblər.
Eritrositlər parçalandıqca qırmızı qan hüceyrələrinə karbonmonoksit molekulları buraxılır. Onlar nəfəs alma zamanı ətraf mühitə keçirlər, bunun sayəsində bir insanın bədənində eritrositlərin parçalanma sürətini dəqiq ölçmək mümkün olur.
Bu metodikadan istifadə edərək, alimlər kosmosa uçuşdan əvvəl, stansiyanın göyərtəsində işləyərkən və Yerə qayıtdıqdan sonra 14 BKS ekipaj üzvündən nəfəs nümunələri toplayıblar. Bundan sonra alimlər bu nümunələrdə dəm qazının nisbətini hesablayıb, onları bir-biri ilə müqayisə ediblər, həmçinin BKS ekipaj üzvlərinin qan nümunələrində qırmızı qan hüceyrələrinin sayını ölçüblər.

Məlum olub ki, astronavtlar kosmosa gedəndən sonra qırmızı qan hüceyrələrinin parçalanma sürəti kəskin şəkildə artıb. Orta hesabla 50% artıb və nəticədə 14 astronavtdan 5-də qanazlığı diaqnozu qoyulub. Maraqlıdır ki, yerə enəndən bir il sonra eritrositlərin parçalanma sürəti bir qədər də azalıb, lakin yenə də normadan 30% yüksək olaraq qalıb.

Trudel və onun həmkarları hesab edirlər ki, həkimləri kosmonavt və astronavt namizədləri seçərkən, eləcə də kosmik turistlərə Yer atmosferindən kənara uçmağa icazə verərkən bu amili nəzərə almalıdırlar. Bundan əlavə, alimlər belə qənaətə gəliblər ki, Marsa və digər planetlərə uçuşlar hazırlanarkən bu reaksiya nəzərə alınmalıdır.

İbrahim Məmmədov
AzVision.az



Teqlər: Kosmos  





Xəbər lenti