Quraqlığın təsərrüfata təsiri, məhsuldarlığın artırılması, kadr problemi - Gəncədən Reportaj

 Quraqlığın təsərrüfata təsiri, məhsuldarlığın artırılması, kadr problemi -  Gəncədən Reportaj
  19 Yanvar 2022    Oxunub:1094
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələrinin Gəncə şəhərinə mediaturu təşkil edilib. AzVision.az -ın da əməkdaşının iştirak etdiyi mediaturun məqsədi ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələri və görülən işlər barədə cəmiyyərə məlumatlandırmaq olub.
Mediaturda Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının nümayəndələri, struktur bölmələrinin rəhbərləri, ADAU-nun rektoru iştirak edib, media nümayəndələrinin suallarını cavablandırıblar.

Yolboyu jurnalistlərlə həmsöhbət olan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə məhsulların bol və keyfiyyətli olması, torpaqların münbitliyinin qorunması və ondan səmərəli istifadə olunması aqrar sahənin inkişafı üçün böyük əhəmiyyət kəsb etməsi barədə məlumat verib. O qeyd edib ki, torpaqların münbitliyinin sabit saxlanılması və artırılması əhalinin həyat şəraitinin və sağlamlığının təmin edilməsi ilə yanaşı, gələcək nəsil üçün böyük imkanlar yaradır.

Tur çərçivəsində Kür çayının Yevlax şəhərindən keçən hissəsində suyunun səviyyəsinin azalması və kənd təsərrüfatında susuzluğun mənfi təsirlərindən bəhs edilib.



Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, yağıntıların az olduğu illərdə fermerlər suvarma ilə bağlı ciddi çətinliklərlə üzləşirlər, xüsusilə də əkin yerlərinin suvarılmasında ciddi probemlər yaranır:



"Bu isə bitkilərə düzgün aqrotexniki qulluq etməyə imkan vermir, nəticədə məhsuldarlıq aşağı düşür. Son illər kənd təsərrüfatı istehsalçıları kəskin quraqlıqla müşahidə olunan, qışı mülayim keçən təsərrüfat mövsümlərini yaşayırlar. Aparılan müşahidələrə görə, havanın orta temperaturu son illərdə 0,8-1,8 dərəcə artıb, atmosfer yağıntılarının miqdarı isə orta hesabla 8%-10% azalıb. Ölkəmizdə əkinçilik sahəsinin böyük qisminin, yəni payızlıq əkinlərin vegetasiya dövründə quraqlıq daha kəskin hal alır ki, bu da dəmyə əkinçilik ənənələrinə ciddi fəsad törətməklə yanaşı, daha çox məhsul istehsal etməyə mane olur".



Tur çərçivəsində jurnalistlər həmçinin Azərbaycan Dövlət Aqrar Universitetində olub, təhsil müəssisəsində yaradılan yeni mərkəzlə tanış olublar. Universitetin rektoru İbrahim Cəfərov təhsil müəssisəsində savadlı kadrların artması üçün hər cür şəraitin yaradıldığını qeyd edib. O bildirib ki, ilk müasir yataqxana layihəsi məhz Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilib. "Hər il universitetin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində yeni layihələr həyata keçirilir. Həmçinin universitet daxilində aqrar peşə məktəbi, aqrar kollec, məktəbəqədər müəssisə, innovasiyalar mərkəzi də fəaliyyət göstərir.
Hazırda universitetin 560-dan çox professor-müəllim heyəti 6000-dən çox tələbəyə aqrar elmin dərinliklərini öyrədir. Son illər kənd təsərrüfatı ixtisaslarına qəbulda və keçid ballarının səviyyəsində artım qeydə alınıb. Azərbaycan Dövlət Aqrar Universitetinin tarixində ilk dəfə olaraq bu il tələbə qəbulu ən yüksək həddə - 1347 nəfərə çatıb ki, bu da aqrar sahədə təhsilə marağın artdığını göstərir.



Azərbaycan Dövlət Aqrar Universiteti dünyanın 26-dan çox ölkəsinin 60-dan artıq universiteti ilə əməkdaşlıq edir. Cari tədris ilindən etibarən Ege Universitetinin aparıcı alimləri universitetdə tədris prosesinə cəlb olunublar. Son illər ADAU-nun beynəlxalq əlaqələrinin genişlənməsi nəticəsində universitetdə təhsil alan əcnəbi tələbələrin sayı əhəmiyyətli dərəcədə artıb. Cari tədris ilində universitetə 171 əcnəbi tələbə qəbul olub".

Səfər çərçivəsində Universitetdə tələblərinə imtahan sessiyası da izlənilib.



Son illər kənd təsərrüfatı sahəsində aparılan islahatlar çoxşaxəli və perspektiv vəd edəndir. Azərbaycan dövlətinin fermerlərə verdiyi dəstək bir çox formada özünü göstərir və artıq nəticələrini də verməyə başlayır. Belə ki, kənd təsərrüfatında istehsal göstəriciləri davamlı olaraq yüksəlməyə doğru gedir. Bu isə öz növbəsində daxili bazarda yerli istehsal hesabına təklifin yüksəlməsinə, özünütəminetmə səviyyəsinin artımına, fermerlərin gəlir əldə etmək imkanlarının yaxşılaşmasına şərait yaradır.



Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə bildirib ki, dövlətin fermerə kənd təsərrüfatı texnikasının, cins heyvanların alınması və.s istiqamətlərdə dövlət dəstəyi davam etdirilir.
Jurnalistlərə verilən məlumatlarda 2022-ci il üçün Kənd Təsərrüfatı Nazirliyinin (KTN) qarşısında duran əsas məqsədlərdə yer alıb. Belə ki, qarşıda duran məqsədlərdən biri iqlim dəyişikliyinin təsirinin neytrallaşdırması, su resurslarının səmərəli istifadə edilməsi, suya qənaət edən texnologiyaların tətbiqinin genişləndirilməsi siyasətinin təşviqidir.

Həmçinin, nazirlik və aidiyyəti qurumlar tərəfindən intensiv fermanın genişləndirilməsi kimi çağırışlar da həyata keçirilir. Fermerlərə məsləhət informasiya xidməti sisteminin yenidən qurulması və bütün fermerlərə əhatə edən bir sistemin yaradılması da qarşıda dayanan əsas vəzifələrdən biridir.















Aytən Zəhra
AzVision.az




Teqlər: Mediatur  





Xəbər lenti