Xallara ehtiyatla yanaşmaq lazımdır

Xallara ehtiyatla yanaşmaq lazımdır
  22 Yanvar 2022    Oxunub:1944
El arasında xallarla əlaqədar çoxlu inanclar var. Onun varlığı xüsusilə qızlarda gözəllik əlaməti kimi qeyd edilir. İndi də həmin yanaşmaya inananlar və onu gözəllik əlaməti kimi qəbul edənlər, hətta dərisinə, üz nahiyəsinə süni xal əlavə etdirənlər də var. Lakin gözə xoş görünən xallar forma və quruluşuna görə fərqləndiyi kimi, xüsusiyyətinə görə də müxtəlif olur.
AzVision.az xəbər verir ki, tibb elmləri doktoru, professor, dermatoloq Zülfüqar Fərəcovun dediyinə görə, anadangəlmə və sonradan qazanılan xallar təyinatına görə eyni olmur: “Xallar dəri səviyyəsindən yüksəkliyə qalxmır və ləkə şəklində, qaramtıl və yaxud tünd çəhrayı rəngdə ola bilər. Bəzi hallarda açıq çəhrayı, bəzi hallarda damar mənşəli xallar qırmızımtıl, hətta mavi rəngdə olur. Eyni zamanda virus mənşəli xallar da var”.

Dermatoloqun dediyinə görə, müxtəlif xəstəliklərlə əlaqədar, eləcə də endokrinoloji pozuntular, hormonal disbalans, eyni zamanda travma və ultrabənövşəyi şüaların təsiri nəticəsində də bədəndə xallar əmələ gələ bilər.

Xallar həm xoş, həm də bəd xassəli ola bilər. Həkim bu sahədə həssas olmağı məsləhət görür: “Xalların üzərində tüklər olması onun xoşxassəli olduğunu göstərir. Xallar dəri səviyyəsindən yüksəyə qalxırsa, üzərində paycıqlar və tüklər varsa bu, şübhəsiz ki, xoşxassəli sayılır. Ümumiyyətlə, xallara çox ehtiyatla yanaşmaq, onları qıcıqlandırmamaq lazımdır. Erkən yaşda əmələ gələn xallardan qorxmamaq lazımdır, çünki müəyyən müddətdən sonra onlar öz-özünə də sorula bilər. Xallarda artım olarsa, rəngində dəyişikliklər yaranarsa, subyektiv hissiyyatlar meydana gələrsə, kənarları girintili-çıxıntılı olarsa, bədxassəli olmaq ehtimalı var və mütləq mütəxəssislə məsləhətləşmək vacibdir”. Dermatoloq onu da qeyd edib ki, xallara kortəbii şəkildə müdaxilə etmək olmaz.

AzVision.az



Teqlər: Xal  





Xəbər lenti