Ermənisayağı istefa: Sarkisyan ölkəni niyə başsız qoydu?

      Ermənisayağı istefa:    Sarkisyan ölkəni niyə başsız qoydu?
  24 Yanvar 2022    Oxunub:3369
Dünən Ermənistan Prezidenti Armen Sarkisyan istefa verdi. İkinci Qarabağ müharibəsindən sonra yüksək rütbəli məmurların istefası və işdən qovulmalarına, o cümlədən, həbsinə alışmış erməni cəmiyyəti bu dəfə prezidentin gözlənilməz gedişindən şoka düşdü. Bunu cəmiyyətin ayrı-ayrı təbəqələrini təmsil edən şəxslərin yerli mediaya açıqlamalar da sübut edir.
Məsələn, Konstitusiya Məhkəməsinin keçmiş Aparat rəhbəri Edqar Kazaryan Sarkisyanın istefasını maraqlı məqam kimi qiymətləndirib. O, keçmiş prezidentin Qərbə yaxınlığı ilə seçildiyini söyləyib.



Ermənistan Prezidenti istefa verdi
- Armen Sarkisyan erməni xalqının tarixində Kremlin divarları arxasında qalan və ora daxil olmayan yeganə Ermənistan prezidenti oldu. O, işlədiyi 4 il ərzində heç vaxt Rusiya prezidenti tərəfindən rəsmi şəkildə qəbul edilmədi. Hətta 2021-ci il mayın 9-da Qızıl meydanda Böyük Vətən Müharibəsinin Qələbə gününə həsr edilən parada belə dəvət edilmədi. Ümumiyyətlə, Moskvaya rəsmi tədbirlərə çağırılmayaraq Kremlin divarlarından kənar saxlanıldı.

Politoloq Stepan Danielyan isə ortada bir sıra müəmmalı və maraqlı sualların qaldığını deyib.



- Ermənistanda ciddi və sistemli diskussiyalar aparılmır. Armen Sarkisyanın istefası zamanı məni onun qiymətləndirilməsi yox, bəzi suallar maraqlandırır. Prezident niyə məhz indi istefa verdi? Onun razı olmadığı və prezident kimi məsuliyyəti üzərinə götürmək istəmədiyi hansı hadisələr gözlənilir? Hansı mümkün sənəd hazırlanırdı ki, Sarkisyan o kağızdakı mətnin altında imzasını görmək istəmir? Bu mühüm vəzifəni atıb getməyin mənası nədir? Nələr oldu və hansı yeni hadisələr gözlənilir? Bəlkə yeni hakim qüvvə onun istefası ilə yeni ssenarini pozmağa çalışır? O, “prezidentin təsir etmək imkanı olmadığı” hansı “köklü siyasi dəyişikliklərdən” danışırdı? Hər halda bu istefa ciddi qəbul edilməlidir.

Jurnalistlər siyasi fəal Edik Baqdasaryandan məlum hadisəyə münasibət öyrəndikdə isə o, Ermənistan prezidentinin gedişinə qısa şəkildə reaksiya verərək onu aşağılayıb:

- Armen Sarkisyanın heç vaxt, heç vaxt həqiqəti söyləməyə cəsarəti çatmayıb.



Ermənistanın "Respublika" partiyasının sədri müavini, keçmiş təhsil və elm naziri Armen Aşotyan prezidentin istefa addımı ilə Nikol Paşinyana kömək etmiş olduğunu düşünür.

- Sarkisyan yalanlar üzərində və zəif bir şəkildə vəzifədə qaldığı kimi elə belə yalançı və zəif açıqlama ilə də istefa verdi. Ermənistanın başı üzərində hərlənən buludlarla xarici aləmdən yeni güclü tufan gələcək ki, Armen Sarkisyan da belə bir ərəfədə aradan çıxmağa qərar verdi. İkinci bir təfədən isə o bu addımı ilə Nikolun ölkədəki hakimiyyəti öz əlində bərk saxlamağa, o cümlədən konstitusiya dəyişiklikləri yolu ilə yeni sistemi qrumağa yol açır. Rus dilində belə bir termin var: "Sliznyak"!

Xatırladaq ki, dünən Ermənistan Prezidentinin rəsmi saytı Armen Sarkisyanın istefası ilə bağlı məlumat yaydı. Sarkisyan qeyd edib ki, onun qərarı heç də emosional olmayıb və müəyyən məntiqdən irəli gəlir. Onun sözlərinə görə, prezidentin hazırda xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və imkanları yoxdur.

"Mənim prezident kimi ölkənin daxili və ya xarici siyasətinə təsir göstərmək üçün heç bir imkanım yoxdur. Ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox", - o deyib.

Qeyd edək ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermənistan   İstefa  





Xəbər lenti