Şahin Mustafayev iranlı nazirlə görüşüb

Şahin Mustafayev iranlı nazirlə görüşüb
  25 Yanvar 2022    Oxunub:347
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında yol-nəqliyyat, energetika, iqtisadi-ticarət, infrastruktur və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri haqqında müzakirələr aparılıb.

Baş nazirin müavini Şahin Mustafayev iranlı qonağa Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi, həmin ərazilərdə törədilmiş erməni vəhşiliyi və hazırda burada aparılan quruculuq işləri haqqında ətraflı məlumat verib, azad olunmuş ərazilərin tezliklə və tam bərpa ediləcəyinə əminliyini ifadə edib.

İki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində sıx əməkdaşlığın olduğunu söyləyən Ş.Mustafayev vurğulayıb ki, bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var. Azərbaycan-İran dostluq əlaqələrindən söz açan iranlı nazir Rüstəm Qasimi ölkəsinin müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu söyləyib:

"Çox şadam ki, dost Azərbaycandayam. Dünən azad olunmuş ərazilərə baş çəkdik. İran tərəfi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərində dəstək göstərməyə hazırdır. İki ölkə arasında əlaqələr çoxşaxəli və dərindir. Regionun tranzit imkanlarından istifadə hər iki tərəfə böyük imkanlar aça bilər. İnanıram ki, yaxın gələcəkdə əməkdaşlığımızdan xalqlarımız da məmnun qalacaqlar”.

AzVision.az

Teqlər: İran  







Xəbər lenti