Həkimlər 106 yaşlı xərçəng xəstəsini əməliyyat etdilər

Həkimlər 106 yaşlı xərçəng xəstəsini əməliyyat etdilər
  25 Yanvar 2022    Oxunub:1771
Hayfa şəhərindəki “Karmel” xəstəxanasında bədxassəli şişin kəsilib götürülməsi əməliyyatları çox aparılıb, lakin indiyə qədər heç vaxt belə ahıl yaşlı xəstəyə əməliyyat aparılmayıb.
AzVision.az İsrail KİV-lərinə istinadla xəbər verir ki, Hatsor ha-Qlilit qəsəbəsinin sakini Əziz Levinin 106 yaşı var. Bir neçə gün bundan əvvəl “Karmel” xəstəxanasının cərrahları onun yoğun bağırsağındakı bədxassəli şişi uğurla kəsib götürüblər.

Levinin sənədlərində göstərilir ki, o, 1915-ci ilin aprel ayında İraqda doğulub. Xəstəxananın şöbə müdiri Aye Biterman deyir: “Pasiyentin neçə yaşı olduğunu öyrənəndə biz əvvəlcə ona əməliyyat aparmağa ehtiyat edirdik. Bu yaşda xəstələrin çoxlu əlavə problemləri olur. Bu səbəbdən onlara narkoz verilməsi və əməliyyat özü təhlükəlidir. Lakin müxtəlif ixtisaslı həkimlərdən ibarət konsilium keçirəndən sonra həmin şişi kəsib götürməyi qərara aldıq”.

Xəstə diqqətlə müayinə edildikdən və ailəsinin razılığı alınandan sonra onu əməliyyata dəvət ediblər. Doktor Bitermanın və həmkarlarının apardığı əməliyyat 3 saat davam edib və uğurla başa çatıb.

AzVision.az



Teqlər:





Xəbər lenti