Ölən şəxsin pensiya kapitalının taleyi müzakirə edilib
Sonra gündəliyin ikinci məsələsi olan Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin yaz sessiyası dövrünə dair iş planı haqqında məlumat verən komitə sədri Musa Quliyev bildirib ki, “Məşğulluq haqqında” qanuna əlavə və dəyişiklik edilməsi iş planına salınıb. Həmçinin “Əmək pensiyaları sahəsində aparılan islahatlar: nəticələr, çətinliklər və perspektivlər” mövzusunda və “Tütün istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası vəziyyəti barədə dinləmələrin keçirilməsi nəzərdə tutulub.
Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Jalə Əliyeva, Vüqar Bayramov, Sevinc Hüseynova, İlham Məmmədov, Arzu Nağıyev, Aqil Məmmədov və Əziz Ələkbərov çıxış edərək müzakirə edilən sənədlərlə bağlı fikirlərini bildiriblər. Deputatlar ötən sessiyada komitənin məhsuldar işlədiyini, komitə üzvlərinin qanunvericilik fəaliyyəti ilə yanaşı, seçicilərin, xüsusən də şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlandıqlarını qeyd ediblər.
Qarşıdakı sessiyada iş planı ilə bağlı fikirlərini bildirən komitə üzvləri dinləmələrin problemlərin ortaya çıxarılması və həlli yollarının axtarılmasında əhəmiyyətini vurğulayıblar, pandemiyanın məşğulluğa təsiri, qeyri-formal əmək münasibətlərinin rəsmiləşdirilməsi, şəxs vəfat edərkən onun pensiya kapitalının taleyi, əlillik və əlilliyin təyinatı məsələləri ilə bağlı rəylərini səsləndiriblər.
Müzakirələrə yekun vuran komitə sədri sosial siyasətin ən həssas və çətin sahələrdən biri olmasından bəhs edib, bu istiqamətdə Azərbaycanda böyük işlər görüldüyünü vurğulayıb. Bu məsələlərə doğru yanaşmağın vacibliyinə diqqət çəkən Musa Quliyev dövlətin sosial siyasətinə deputatların verə biləcəyi dəstəyə toxunub.
Sonda komitənin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı məqbul hesab edilib və 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
AzVision.az