Ağdamda ANAMA-nın minaaxtaranları üçün yeni düşərgə salınıb

  Ağdamda ANAMA-nın minaaxtaranları üçün yeni düşərgə salınıb
  28 Yanvar 2022    Oxunub:981
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarının sürətləndirilməsi məqsədilə, maddi-texniki bazasının genişləndirilməsi istiqamətində işləri davam etdirir.
AzVision.az xəbər verir ki, bu barədə ANAMA-nın məlumatında bildirilib.

“Nazirlər Kabinetinin verdiyi müvafiq tapşırığa əsasən ANAMA tərəfindən Ağdam rayonunda agentliyin minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salınıb.

Ağdam rayonunda salınan yeni mobil düşərgə Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək. Düşərgə əməliyyat, inzibati və xidməti heyət üçün lazımi şəraitlə təmin edilib.



Mobil tipli düşərgə müasir avadanlıqlarla təchiz edilərək, heyətin bütün zəruri ehtiyaclarını qarşılayacaq müxtəlif ölçülü konteynerlərdən ibarətdir: yataqxana, hamam, sanitar qovşağı, yeməkxana, çamaşırxana, anbar, ofis və tibb məntəqəsi. Həmçinin burada minaaxtaran itlərin saxlanılması, texnika və nəqliyyat vasitələrinin təmiri üçün xüsusi yerlər nəzərdə tutulub.

Şəxsi heyətin asudə vaxtlarının səmərəli keçirilməsi üçün düşərgə futbol - voleybol meydançası və idman üçün trenajorlarla təmin edilib.

Qeyd edək ki, “yaşıl enerji” zonasının tətbiqi konsepsiyasına uyğun olaraq düşərgə günəş enerjisi ilə qidalanan xüsusi işıq dirəkləri ilə təchiz olunub.

ANAMA-nın Ağdam rayonu üzrə mobil sahə düşərgəsi icra edilən əməliyyatların miqyasının genişləndirilməsinə, mərkəzin işçi heyətinin sayının artırılmasına xidmət edəcək. Konteynerlərdən ibarət olan mobil tipli düşərgə minatəmizləmə əməliyyatlarının aparılması istiqamətindən asılı olaraq gələcəkdə başqa əraziyə daşına bilər”, - məlumatda qeyd olunub.



AzVision.az



Teqlər: ANAMA  





Xəbər lenti