Şuşa və Ağdama bilet satışı davam edir
İşğaldan azad edilmiş ərazilərə getmək istəyənlərin sayının və tələbatın çox olacağı gözlənildiyindən ilkin mərhələdə vətəndaşlar hər istiqamət üzrə bir dəfə, yəni bir dəfə Şuşaya, bir dəfə Ağdama bilet ala bilərlər. Burada məqsəd bütün vətəndaşlar üçün bərabər və ədalətli şəraitin yaradılmasıdır. Real tələbat pik həddini keçdikdən və müvafiq qiymətləndirmələr aparıldıqdan sonra bu məhdudiyyətlər dərhal aradan qaldırılacaq. Müəyyən imtiyazlı şəxslərə ilkin mərhələdə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailələri üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.
İşğaldan azad olunmuş ərazilərdə müntəzəm avtobus marşrutları üzrə daşımalara cəlb edilən nəqliyyat vasitələri GPS naviqasiya sistemi ilə təchiz edilib. Məqsəd avtobusların marşrut üzrə hərəkətinə və digər texniki-təhlükəsizlik parametrlərinə real vaxt rejimində nəzarətin təmin edilməsidir. Sistemin fəaliyyətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada nəzarət həyata keçirilir.
Sərnişinlər avtobuslarda Daxili İşlər Nazirliyinin nümayəndəsi, həmçinin Regional İnkişaf İctimai Birliyinin könüllüləri və ASAN könüllər tərəfindən müşayiət edilir.
İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi, gələcəkdə yaranacaq tələbata uyğun olaraq digər istiqamətlər üzrə də mərhələli şəkildə təmin ediləcək.
Bu günə qədər Şuşa və Ağdam istiqamətində 8 reys həyata keçirilib. Bakı-Şuşa-Bakı istiqamətində 47 (1 reys), Əhmədbəyli-Şuşa-Əhmədbəyli 69 (3 reys), Bakı-Ağdam-Bakı 67 (2 reys), Bərdə-Ağdam-Bərdə istiqamətində isə 76 (2 reys) sərnişin daşınıb.
Bilet satışı davam edir.
AzVision.az