“Teknofest” çərçivəsində yeni müsabiqəyə start verilib

“Teknofest” çərçivəsində yeni müsabiqəyə start verilib
  31 Yanvar 2022    Oxunub:1267
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu il mayın 26-29-da Bakıda ilk dəfə keçiriləcək “Teknofest” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində bir neçə müsabiqə olacaq.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, artıq onlardan birinə - ətraf mühitin qorunması sahəsində müsabiqəyə qeydiyyat başlayıb. Bu müsabiqə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə və bərpa olunan enerji mənbələri istiqamətində ekoloji təhlükəsiz və iqtisadi baxımdan səmərəli layihələrin təqdim edilməsinə çağırış edir. Ona yuxarı sinif şagirdləri, tələbələr və gənc sahibkarlar iştirak edərək yeni ideya və prototiplərini təqdim edə bilərlər.

Müsabiqə bərpa olunan enerji mənbələrindən istifadə, yeni texnologiyaların təşviqi, cari texnologiyaların təkmilləşdirilməsi, təbii sərvətlərdən ehtiyatlı istifadə və gələcək nəsillərə ötürülməsini təmin edən, həmçinin sıfır tullantı hədəfinin həyata keçirilməsini asanlaşdıracaq texnologiyalar üzrə mövzuları əhatə edir.

Müsabiqədə 3 kateqoriya üzrə iştirak etmək mümkündür. Müsabiqənin özəlliyi həm də ondan ibarətdir ki, orta məktəb şagirdləri A kateqoriyası üzrə innovativ təşəbbüs və ideyalarını “TEKNOFEST” kimi mötəbər festivala təqdim edə bilərlər. Müsabiqənin şərtlərinə əsasən orta məktəb komandaları mentorlar qismində məsləhətçiləri işə cəlb etməli və müvafiq layihə təklifini birgə təqdim etməlidirlər. A kateqoriyalı komandaların finalda öz məsləhətçisi ilə iştirakı lazımdır.

B kateqoriyası üzrə Azərbaycanda təhsil alan ali məktəb tələbələri müvafiq mövzularla bağlı innovativ həll yolları və layihələrini müsabiqəyə təqdim edə bilərlər.

Fərdi iştirakçılar və ya onlardan ibarət komandalar isə C kateqoriyası üzrə müsabiqəyə qoşula bilərlər.

Müsabiqə üzrə Mükafat fondu şagirdlər üçün (A kateqoriyası) I yer 4000 AZN, II yer 2000 AZN və III yer 1000 AZN təşkil edir.

B kateqoriyasını təmsil edən tələbələr və C kateqoriyası üzrə startaplar və fərdi sahibkarlar üçün Mükafat fondu I yer 6000 AZN, II yer 4000 AZN, III yer isə 2000 AZN-dir.

Müsabiqədə iştirak üçün son qeydiyyat tarixi 17 fevral 2022-ci ildir. Qeydiyyat üçün elektron keçiddən istifadə edilməlidir: https://teknofest.az/az/competitions

Aytən Zəhra
AzVision.az



Teqlər: Texnofest  



Xəbər lenti