Azərbaycanın azad etdiyi ərazilərdə kütləvi məzarlıqlar tapılıb
Nazir bildirib ki, Ermənistanın hansı beynəlxalq humanitar hüquq normalarını pozduğu göstərilməklə, BMT və onun müxtəlif agentlikləri, ümumiyyətlə, bütün beynəlxalq təsisatlarda bu məsələlər qaldırılır: "4 fevral tarixində Prezident İlham Əliyev, Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan Baş naziri ilə videokonfrans formatında dördtərəfli görüşdə bu məsələlər müzakirə olunub. Müzakirələr əsasən humanitar mövzularla bağlı idi. Azərbaycan Prezidenti bu platformadan da istifadə edərək Birinci Qarabağ müharibəsindən indiyə qədər 3890 nəfər şəxs barədə heç bir məlumatın olmaması, Ermənistanın bu istiqamətdə demək olar əməkdaşlıq etməməsi, beynəlxalq hüquq normalarını, insanlıq dəyərlərini tamamilə tapdalaması, bu barədə məlumatları gizlətməsi məsələsini qaldırıb. Vacib məqam odur ki, Fransa və Avropa İttifaqı Şurası prezidentlərinin iştirakı ilə keçirilən dördtərəfli formatda Ermənistan Baş naziri bu istiqamətdə əməkdaşlıq etməyi vəd edib".
XİN rəhbəri əlavə edib ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bir neçə kütləvi məzarlıq tapılıb: "Söhbət burada minlərlə insanın qalıqlarından getmir. Ancaq ən azı bəlli sayda insan qalıqları tapılıb. Azərbaycan qısa müddət ərzində bunları işğaldan azad edilmiş ərazilərdə müəyyən edib tapa bilirdisə, deməli, həmin işləri törətmiş erməni tərəfi bu barədə çox məlumatlı, bələddir. Ona görə də Ermənistan Xarici İşlər Nazirliyinin itkinlərlə bağlı məntiqsiz izahatların heç bir əsası ola bilməz".
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


