Ukrayna müharibəsi qaçılmazdır-ICSI-dan xəbərdarlıq- FOTO

   Ukrayna müharibəsi qaçılmazdır-ICSI-dan xəbərdarlıq-   FOTO
  12 Fevral 2022    Oxunub:1844
Dünya yeni təhlükəli müharibə ərəfəsindədir. Artıq bir sıra ölkələr Qərblə Rusiya arasında yaranmış gərginlik səbəbindən Ukraynadakı vətəndaşlarına müharibə xəbərdarlığı edib.
AzVision.az xəbər verir ki, belə bir hərbi-siyasi böhran fonunda Beynəlxalq Strateji Kəşfiyyat Mərkəzi (ICSI) Ukrayna üçün “Qırmızı+” (CODE RED) təhlükə statusunu “Qara”ya (CODE BLACK) dəyişib. Bu o deməkdir ki, ekspertlər Ukraynada müharibənin başlanmasını artıq qaçılmaz hal kimi qiymətləndirirlər.

Bayden fevralın 16-da hücum gözləyir - "Politico"
Təşkilat özünün rəsmi "Twitter" hesabında da bununla bağlı paylaşım edib. Ukraynaya dair təhlükə statusu Rusiyanın fevralın 16-da qonşusunu işğala başlayacağına dair məlumatların yayılmasından sonra dəyişdirilib.



"ICSI" ekspertləri aparıcı Qərb mediasında Co Bayenin müttəfiqlərini 16 fevralla bağlı xəbərdar etməsinə dair yayılan informasiyaları qiymətləndiriblər. Bundan sonra bir çox digər amilləri də nəzərə alaraq Kiyevə dair təhlükə səviyyəsini dəyişdirmək qərarına gəliblər.

"Qara" statusu digər ölkələrin vətəndaşlarını Ukraynaya səfər planlaşdırmaqdan qəti şəkildə çəkindirir. Bəzi dövlətlər artıq Ukraynadan diplomatlarını təxliyə etməyə başlayıb.

Xatırladaq ki, məşhur "Politico" nəşri hökumətdəki mənbələrinə istinad edərək belə bir informasiya yayıb ki, ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya hücum tarixini bəyan edib. O, bu məlumatı artıq müttəfiqləri ilə paylaşıb. Amerika liderinin mövzu ətrafında artıq Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada, Polşa və Rumıniya liderləri ilə söhbət etdiyi bildirilir. Müzakirədə NATO-nun baş katibi və Avropa Komissiyasının rəhbəri də iştirak edib.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Müharibə   Rusiya  





Xəbər lenti