Yeni imtahan qaydaları - Müəllim 3 il yerini dəyişə bilməyəcək

 Yeni imtahan qaydaları -  Müəllim 3 il yerini dəyişə bilməyəcək
  16 Fevral 2022    Oxunub:4813
"Bu il müəllimlərin işə qəbul müsabiqəsinin qaydalarında təkmilləşdirmələr aparılıb. Yaxın günlərdə bu dəyişiklər qüvvəyə minib".
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. Onun sözlərinə görə, dəyişikliklərə əsasən test imtahanın vaxtı 90 dəqiqədən 120 dəqiqəyə artırılıb:

“Bu namizədlərin sualları cavablandırması üçün əlverişli şərait yaradacaq. Ənənəvi şəkildə yenə 60 sual təqdim olunacaq. Lakin namizədlər əvvəlki kimi 60 yox, 100 bal toplamalı olacaqlar. İxtisas suallarına görə hər bir fənn üzrə düzgün cavab 2 bal, metodika üzrə 1 bal tətbiq ediləcək. Səhv 4 tapşırığa görə 1 düz cavab silinəcək”.

E.Bağırov qeyd edib ki, müəllimlərin işə qəbul müsabiqəsindəki dəyişikliyə əsasən müəllimlərin 3 il ərzində yerdəyişmə ütməsi məhdudlaşdırılır:

“Məlumdur ki, işə yeni qəbul edilən müəllimlər ya yerdəyişmə edirlər ya da yenidən işə qəbul üçün müraciət edirlər. Bu təhsil prosesinin fasiləsizliyinə təsir yaradır. Qərara alınıb ki, yeni işə qəbul olan müəllimin 3 il ərzində yerdəyişməsinin məhdudlaşdırılması labüddür. Müəllimlərin fasiləsiz biryerdə işləməsi pedoqoiji fəaliyyətə müsbət təsir edəcək”.

Nazirlik rəsmisi qeyd edib ki, Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi MİQ vasitəsilə həyata keçiriləcək: "Bu il üçün də müəllimlərin yerdəyişməsi ilə bağlı prosesə iyun ayından başlanılması nəzərdə tutulur. İlk olaraq daimi əsaslarla işləyənlərə və şəhid ailəsi üzvlərinə vakansiya mərhələsində öncəlik veriləcək. Növbəti mərhələdə digər kateqoriyada olan namizədlər iştirak edə biləcəklər. Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi MİQ vasitəsilə, digər bölgələrdə isə açıq şəkildə olacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər: Müəllim   İmtahan  





Xəbər lenti