"Metsamor"un üzərindəki tüstü nədir? - Ehtimal

   "Metsamor"un üzərindəki tüstü nədir? -    Ehtimal
  21 Fevral 2022    Oxunub:2980
Ermənistan mediasında "Metsamor" Atom Elektrik Stansiyasının(AES) yeni təhlükə saçması ilə bağlı məlumat dərc edilib. Bəzi müxalif saytlar musiqiçi Ara Qorqyanın çəkdiyi AES fotosunu yayaraq normalda stansiyadan bu cür qaz, tüstü və ya parın çıxmadığına diqqət çəkiblər.
Dünyanın ən təhlükəli, istifadə müddəti bitmiş AES-lərindən olan "Metsamor"da belə tüstünün çıxması nədən xəbər verir?

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitunun laboratoriya müdiri, elmlər doktoru Müslüm Qurbanov AzVision.az -a açıqlamasında bildirib ki, şəkillərdə "Metsamor" AES-dən qara tüstü çıxması görünür. O qeyd edib ki, prinsipcə borulardan qara tüstü çıxmamalıdır:
"AES-də üzvi yanacaq yanmır ki, onun borularından qara tüstü çıxsın. Ola bilsin ki, stansiyada əlavə qurğular qoyulub və onlar yanıb. Qara tüstünün olması stansiyanın daxilində nəsə yanğınla əlaqədardır.
Çünki borudan çıxması yanğının əsas hissəyə yaxın olmasından xəbər verir. Lakin bu tüstü nüvə partlayışının nəticəsi deyil. Nüvə partlayışı belə olmur. Nüvə partlayışı olmasa belə stansiyadan belə tüstünün çıxması da təhlükəlidir. Onsuz ora tüstü olmadan da təhlükəlidir. Avropada bir neçə o cür təhlükəli stansiya var və bunlardan biri də "Metsamor"dur. Hələki ikili standartlara görə onların xətrinə dəymirlər".

M.Qurbanov bildirib ki, qara tüstünün çıxması üzvü materialların yanmasına, hətta natamam yanmasına işarə edir:

"AES o vaxt yaranandan indiyə qədər hər 3-4 ildən bir təmirə dayandırılır. Həm əlavə cihazlar, həm də bilavasitə qurğuya yaxın ölçü cihazları təmir edilir. Təmir işini Rusiyanın "Rosatom" şirkəti həyata keçirir. Elə vaxt olur ki, 1000-dən artıq avadanlığın hissələrində təmir işlərinin görüldüyü yazılır.
Təbii olaraq köhnəlmə prosesi var və bu, təhlükəni göstərir. Ona görə stansiyanın fəaliyyətini dayandırıb, dəyişmək lazımdır, yenisi qurulmalıdır. Lakin ermənilər burada da siyasət işlədirlər. Bunlar təzə stansiya üçün o qədər böyük məbləğ istəyirlər ki, hətta varlı Avropa dövlətləri də təəccüblənirlər".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttərzadə  bildirib ki, "Metsamor"un istismarı zamanı köhnəlmiş texnologiyadan istifadə etmək və təhlükəsizlik qaydalarına riayət etməmək yalnız Ermənistan, Türkiyə, Azərbaycan və İran deyil, daha geniş bölgə üçün ciddi ekoloji problemlər yaradır:

"1976-ci ildən fəaliyyət göstərən AES köhnəlmiş texnologiya ilə işləyir. Seysmik zonada fəaliyyət göstərən obyekt kimi ətraf aləmə, insanlara böyük fəsadları var və təhlükəlidir. Bu atom elektrik stansiyası digər ölkədə də olsaydı, eyni sözləri deyərdik. Məsələ AES-in Ermənistanda olub-olmamasında deyil, onun son dərəcə təhlükəli, köhnə, təhlükəsizlik sisteminin zəif olmasından gedir. Orada aparılan təmir işləri prinsipcə problemi həll etmir. Çünki orada nüvə tullantılarının idarə olunması ilə bağlı da təhlükə var. Biz bunu çox demişik, amma beynəlxalq təşkilatlar ciddi mövqe göstərmir və buna görə də AES fəaliyyətini davam edir".

Tüstüyə gəlincə R.Səttərzadə bunun soyuducu sistemin su buxarı olması ehtimalını səsləndirib:
"Bəlkə bu tüstü heç təhlükədən xəbər vermir. Orada nə olmasından asılı olmayaraq köhnə texnologiyalı stansiya fəaliyyətini dayandırmalıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Metsamor  



Xəbər lenti