Uçota alınmayan obyektlərə görə məsuliyyət nəzərdə tutulur

Uçota alınmayan obyektlərə görə məsuliyyət nəzərdə tutulur
  21 Fevral 2022    Oxunub:1761
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş bəzi dəyişikliklər və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə təqdim edir.
Dövlət Xidmətindən AzVision.az -a verilən məlumata görə, Məcəlləyə edilmiş dəyişikliklərdən biri də 2022-ci il 1 yanvar tarixindən etibarən, təsərrüfat subyektinin (obyektinin) vergi orqanlarında uçota alınmamasına və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə isə 400 manat məbləğində maliyyə sanksiyası tətbiqinin nəzərdə tutulmasıdır.

Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, dəyişikliyə qədər Vergi Məcəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı vergi ödəyicisinin istifadə etdiyi təsərrüfat subyektinin (obyektinin) uçota alınmamasına və uçota alınmış təsərrüfat subyekti (obyekti) barədə düzgün olmayan məlumatların təqdim edilməsinə görə, hər hansı məsuliyyət tədbiri nəzərdə tutulmurdu. Lakin təcrübədə bəzi vergi ödəyiciləri təsərrüfat subyektləri (obyektləri) barədə uçot məlumatlarını vergi orqanlarına ya ümumiyyətlə təqdim etmir, ya da düzgün təqdim etmirdi ki, bu da uçot-baza məlumatları əsasında düzgün təhlillər aparılmasına və ödəyici barəsində düzgün təsəvvür formalaşmasına mane olurdu.

Bu səbəbdən edilmiş dəyişiklik uçot intizamının yüksəldilməsi və vergi ödəyicisinin uçot məlumatları barədə vergi orqanlarında düzgün və ətraflı məlumatların toplanması baxımından mühüm əhəmiyyət kəsb edir.

AzVision.az


Teqlər: Vergi  





Xəbər lenti