Meliorasiya və Su Təsərrüfatında struktur dəyişikliyi olub

Meliorasiya və Su Təsərrüfatında struktur dəyişikliyi olub
  21 Fevral 2022    Oxunub:682
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mərkəzi idarəetmə aparatında struktur dəyişikliyi olub. Bu barədə AzVision.az -a Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat katibi Dilqəm Şərifov məlumat verib.
Onun sözlərinə görə, yeni sturuktura əsasən 7 şöbə, 3 sərbəst sektor və 11 tabeli sektor yaradılıb. Aparılan islahatlar kənd təsərrüfatı istehsalçılarının su tələbatının ödənilməsinə təkan verməklə yanaşı, idarəetmədə səmərəliliyin və şəffaflığın artırılması məqsədi daşıyır. Bununla da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də mərkəzi idarəetmə aparatının strukturu dəyişilərək daha müasir, günün tələblərinə uyğun, peşəkarlığın artırılması, işin daha müasir formada təşkili üçün yeni şöbə və sektorlar yaradılıb.

Cəmiyyət tərəfindən idarəetmədə təcrübəli kadrların cəlb olunması istiqamətində də addımlar atılıb. Bu istiqamətdə cəmiyyətin mərkəzi aparatının strukturunun daha çevik idarəetmə qabiliyyətinə malik formada yenidən təşkili və bu sahəyə xarici dövlətlərdə təhsil almış, müasir biliklərə malik təcrübəli gənc kadrlar cəlb edilib. Bu il, eyni zamanda, müxtəlif ixtisaslı peşələrdə çalışan işçilərin ixtisasartırma kurslarına cəlb edilməsi nəzərdə tutulur.

Dilqəm Şərifov əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən Səhmdar Cəmiyyət qarşısında qoyulan vəzifələrin icrası da sürətlə davam edir. Belə ki, meliorasiya və su təsərrüfatı sahəsi üzrə artan tələbatın təmin olunması, suvarma suyundan səmərəli istifadə edilməklə kənd təsərrüfatı istehsalçılarının suya olan tələbatının ödənilməsi istiqamətində, o cümlədən şəffaflığın və idarəetmədə səmərəliliyin artırılması məqsədilə müvafiq tədbirlər görülüb. Bu tədbirlər çərçivəsində büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi, istismar tədbirlərinin keyfiyyətlə yerinə yetirilməsi, pərakəndəliyin aradan qaldırılması, satınalmaların vahid mərkəzdən idarə olunması və şəffaflığın təmin edilməsi məqsədilə ötən il bir sıra rayonlarda struktur vahidləri üzrə müəyyən dəyişiklik aparılaraq, bir-birini təkrarlayan 26 idarə ləğv edilib və həmin rayonlarda fəaliyyət göstərən Suvarma Sistemləri və digər idarələrlə birləşdirilib. Bu sahədə işlərin daha da təkmilləşdirilməsi üçün rayonlarda işlərin davam etdirilməsi nəzərdə tutulur.
AzVision.az



Teqlər:



Xəbər lenti