SSRİ-nin qanlı cinayətini dünyaya çatdıran azərbaycanlı məxfi əməliyyatda necə öldürülmüşdü? - VİDEO

  SSRİ-nin qanlı cinayətini dünyaya çatdıran azərbaycanlı məxfi əməliyyatda necə öldürülmüşdü? -  VİDEO
  23 Fevral 2022    Oxunub:12093
Oruc Şirinov 20 Yanvar qırğınını dünyaya çatdıran və informasiya blokadasını yaran azərbaycanlı olub. Həmin dövrdə heç kimin cəsarət edə bilməyəcəyi işi görən bu şəxs SSRİ DTK-dan qorxmayaraq bütöv bir rabitə xəttini Azadlıq Radiosuna birbaşa zəng vurmaq üçün açıb. O, sadə bir məmur - Rabitə Nazirliyinin beynəlxalq danışıqlar şöbəsinin rəisi idi.
Bəxtiyar Vahabzadənin ağlaya-ağlaya "Mirzə, bizi qırırlar" sözlərini dediyi əşhur səs yazısı məhz o vaxt yazılıb. Rabitəçi Oruc SSRİ-nin qanlı cinayətini radio ilə bütün dünyaya çatdırmaq üçün ziyalılarımızı "Azadlıq" Radiosunun Azərbaycan xidmətinin o zamankı rəhbəri Mirzə Xəzərlə calaşdırıb.

AzVision.az Oruc Şirinovu və onun xidmətlərini daha ətraflı öyrənmək üçün qardaşının həyat yoldaşı və məsləkdaşı Səkinə Türkərlə söhbətləşib.


- Oruc 1959-cu ilin martın 15-də Qubadlı rayonunun Hal kəndində dünyaya gəlib. Orucluq bayaramında doğulduğuna görə nənəsi Məstan xanım ona bu adı verib. Ailədə 3 qardaş, 3 bacı idilər. İstər ata, istərsə də ana tərəfdən sıradan bir ailə, tayfa olmayıblar. Ata tərəfində zəka, ana tərfində isə həm zəka, həm də inqilabçılıq olub,- Səkinə xanım fəxrlə qaynını anır və söhbəti Oruc bəyin uşaqlıq illərinə çəkir:
- Mən Orucu uşaqlığından tanıyıram. Biz yaxın kəndlərdə yaşayırdıq. 5-ci sinifdə oxuyanda onların kəndindəki məktəbə gedirdim. Onun böyük qardaşı ilə bir sinifdə oxumuşam. Bundan başqa, atalarımız bir yerdə işləyib, xeyir və şərimiz bir olub.


Sonra qismət elə gətirdi ki, mən onların gəlini oldum. Oruc mənə “bajı” deyirdi. Baxırdın ki, lal axan dərin sular kimi sakitdir, amma püskürəndə tamam başqa cür olurdu. Son dərəcə sakit, son dərəcə kükrəyən. Xasiyyəti çox qəribə idi. Orucu uşaqlığdan izləyirdim. Mənim ilk övladım dünyaya gələndə doğum evinə gəldi, dedi, “bacı, üzün ağ olsun, oğul nəslimizi artırdın. Gətir görüm, ona əmisi qurban”. Çağanı qucağına alıb, “əmin qurban, necə də özümüzə oxşayır”,- dedi.

Oruc Şirinovun ixtisası rabitəçi olmayıb. O tamam başqa sahə üzrə ali təhsil alıbmış. Sonradan ixtisasını dəyişib və rabitə sisteminə işə düzəlib.


Səkinə Türkər: - Azərbaycanın dara düşdüyü bir məqamda Oruc rabitəni bütünlüklə əlinə aldı və Azərbaycan xalqına, dövlətinə, Azərbaycanı sevənlərə, bu yolda nəsə işlər görənlərə xidmətə keçdi. Onun haqqında çox yaxşı olardı ki, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Aybəniz xaım danışsınlar. Bəxtiyar Vahabzadə yazırdı ki: “7 milyonun ciyəri ilə nəfəs alan Oruc bəy”. Aybəniz xanım Oruc bəyi övladı kimi sevirdi. Onlar xalq hərəkatının öndərləri idilər. Oruc bəyi necə sevməmək olardı?! Aybəniz xanım danışırdı ki, Oruc hər dəfə Qarabağa gedəndə ona dua edirmiş. Qaynımın bir ayağı Şuşada, bir ayağı Bakıda idi. Gedib döyüşüb, qayıdırdı yaxud silah aparırdı. Bir dəfə yazı üçün adını çəkməyəcəyim şəxsə müraciət etdim. O dedi ki, "Səkinə xanım, Oruc bəyin bütün fəaliyyətini hər kəs bilə bilməz."


Salyan kazarmasına gedirdi, oradan silahları maşına doldurub Qarabağa aparırdı. Şəhid olduğu gün də Qarabağdan gəlmişdi. Bakıya silah aparmaq üçün qayıtmışdı… Kazarmaya silah dalınca gedib. Görüb ki, karvan gedir, sovet ordusunun əsgərləri silahları da aparırlar. Deyib, “Azərbaycanın silahını hara aparırsınız? Geri verin”. Həmin vaxt, yəni martın 19-u onu vurublar. 33 yaşında həyata vida etdi - Səkinə xanım göz yaşı içində həmin günləri yada salır.

Söhbətimiz zamanı 20 Yanvar qırğınında baş verənlərə, Azərbaycanın səsinin dünyaya çatdırılmasında Oruc bəyin fədakarlığına da toxunduq:
- Aybəniz xanım danışırdı ki, yanvarın 19-u gecəsi Oruc bəy vətən sevdalı ziyalılarımızı Mirzə Xəzərlə danışdırıb. Deyib, bizi qana qəltan ediblər. Azərbaycanı qan gölünə bürüyüblər. Mirzə Xəzərlə danışandan sonra sözü Yusif Səmədoğluna verib. O bir kanal yaratmışdı, KQB axtarıb tapa bilmirdi. Bu xətləri haradan verdiyini anlaya bilmirdilər.
Həmin gecə qardaşları Oruc bəyi axtardı, tapa bilmədi. Hər yerdə, meyitlərin içində, yaralıların arasında axtardılar. Artıq əllərini üzmüşdülər. Hadisədən 3 gün sonra zəng etdi ki, sağam, narahat olmayın.
20 yanvar faciəsində Oljas Süleymanovu Bakıya gətirdən Oruc olub. Bəxtiyar Vahbazdə danışırdı ki, Oruc çox çətinliklə, zülümlərlə rabitənin keçilməz yolları ilə Oljası tapıb və onunla calaşdırıb.
Xocalının adı gələndə ağlayırdı. Özünə bağışlaya bilmirdi. Deyirdi, "erməni kimdir ki, qadınlarımıza təcavüz etsin, girov götürsün?!..."


Səkinə xanım daha sonra Oruc bəyin Qarabağa silah apararkən atışmaya düşməsindən də danışıb:
- Fevral ayında Qarabağa silah daşıyırmışlar, yolu azıblar. Bir də görüblər ki, bunlara bir neçə nəfər əl ilə “gəlin” işarəsi verir. Oruc başa düşüb ki, bunlar ermənilərdir. Sürücüyə deyib ki, təcili maşını döndər, azmışıq. Dönən kimi onları gülləbarana tutublar. Tanrının qismətindən ermənilərin maşınının biri aşıb, yolu bağlayıb, bunlar xilas olublar. Həmin vaxt güllə Orucun başının dərisini sıyırıb keçib.


Ouc bəyin şəhid olmağını 39 gün Xəlil Rzadan gizlədiblər. Deyiblər ki, Oruc yaralanıb. Qırx mərasimindən bir gün əvvəl deyiblər. Xəlil Rzanın dünyası qara geyinib. Onun gənc oğlu Təbriz də vəfat etmişdi. Dedim, "Təbrizdən artıq deyil ki?" Yəni oğlunun gənc yaşda ölməsini nəzərdə tutdum. Xəlil Rza kükrədi, “Xanım, əstağfurullah deyin. Təbriz bir çocuqdur. Oruc bəy isə odda yaşayan səməndər quşu idi”,- dedi. Jurnalist Flora Xəlilzadə buna əsasən "Səməndər quşu" adlı bir yazı yazdı.

Oruc bəyin özündən sonra iki oğlu, bir qızı yadigar qalıb. Böyük oğlunun adı Musadır, ikinci övladı Səkinəyə isə anasının adını verib. Üçüncü övaldı Atatürkdür. Atası rəhmətə gedəndə sonbeşiyin 3 yaşı hələ olmamışdı. Çox ləyaqətli bir xanımı var. Övladlarını onun adına layiq böyütdü. Ali təhsil aldılar, indi dövlət qulluğundadırlar.

Qeyd edək ki, Oruc Şirinovun məzarı Şəhidlər Xiyabanındadır.






oğlu Atatürk


Şahanə Rəhimli
Əhməd Xəlilov
Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər:



Xəbər lenti