"20 minə yaxın I Qarabağ müharibəsi iştirakçısına birdəfəlik ödəmə veriləcək"

"20 minə yaxın I Qarabağ müharibəsi iştirakçısına birdəfəlik ödəmə veriləcək"
  23 Fevral 2022    Oxunub:2147
"1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət zamanı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı hazırda Müdafiə Nazirliyi və digər hərbi qurumlarla birgə iş aparılır. Həmin kontingentin dəqiq siyahısı müəyyənləşdirilir".
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, 1990-cı illərin əvvəllərində müvafiq uçot, elektronlaşma və digər sənədlərin çox məhdud sayda olmasını nəzərə alsaq, bu sahədə müəyyən çətinliklər var:

"Çünki həmin sənədlər elektronlaşmayıb. Həmin müddətdə hərbi həkim komissiyaları tərəfindən verilən şəhadətnamələrin elektron sistemə yığılması aparılır. Siyahıda olan şəxslərin sosial sığorta alan və almayanları müəyyən ediləcək. Almayan şəxslərlə bağlı da müvafiq qərarlar verilərək, həmin ödənişlər həyata keçiriləcək"

Nazir iyun ayına qədər elektronlaşmaların başa çatacağına ümid etdiyini vurğulayıb:

"Hazırda kifayət qədər eyni adlarda olan şəxslərə dair şəhadətnamə var. Yaxud da şəxsiyyətlərinin müəyyənləşdirilməsində çətinlik yaşanan şəhadətnamələr var.

Onların bəziləri ilk illərdə rus blanklarında hazırlanan şəhadətnamələrdir. Bunların hamısının uyğunlaşdırılması və yekun siyahının hazırlanması üzərində iş gedir".

S.Babayev qeyd edib ki, həmin şəxslərin hər hansı bir quruma müraciət etməsinə ehtiyac yoxdur:

"Onlarla bağlı birbaşa qərar verilərək ödənişlər ediləcək. Kimlərin ki, məlumatı tam və dolğun deyil, onlarla bağlı çağırış ediləcək ki, qeydiyyatda olduqları rayonlar üzrə DOST mərkəzlərinə, DSMF-nin qurumlarına aidiyatı sənədlərlə yaxınlaşaraq yoxlamalardan keçərək ödənişlərini alsınlar.

Planlaşdırırıq ki, bu il ərzində təxminən 20 minə yaxın şəxsə 120 milyon manat məbləğində vəsait ödəniləcək. Həmin şəxslərin sayı hələ yekun rəqəm deyil və siyahı dəqiqləşdiriləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti