"Vəziyyət çox pisdir, ərzağımız bitir, çarəsizik" - Xarkovdakı azərbaycanlı tələbə

 "Vəziyyət çox pisdir, ərzağımız bitir, çarəsizik" -  Xarkovdakı azərbaycanlı tələbə
  28 Fevral 2022    Oxunub:3655
“Xarkovda hazırda güclü atışmalar gedir, vəziyyət çox pisdir. Evdən çıxmaq mümkün deyil. Günün çox hissəsini ya sığınacaqlarda, ya da metroda keçiririk. Şəhərə bombalar, ballistik raketlər atılır, güllə səsləri gəlir”.
Bunu AzVision.az-a açıqlamasında Xarkovda yaşayan azərbaycanlı tələbə Ayxan Qurbanov deyib. Qardaşı Zaur Qurbanovla birlikdə Ukraynaya təhsil almağa gedən Ayxan şəhərdən çıxa bilmədiklərini deyir:

“Dünən Xarkova rus ordusu girmişdi, lakin Ukrayna ordusu Xarkovu vermədi, güclü atışma gedirdi. Mən hazırda şəhərin mərkəzinə yaxın Aleksevskayada qalıram. Üzbəüz binaya bombalar atılırdı, sığınacağa düşməyə imkan olmadı. Dəhşət yaşandı.



Xarkovda tələbələrlə yanaşı, azərbaycanlı vətəndaşlar da çoxdur. Bizim təxliyə olunmağımız üçün hər hansı imkan yoxdur. Konsulluğa, səfirliyə müraciət etdik. Valideynlərimiz də Azərbayan Xarici İşlər Nazirliyinə getmişdilər. Xarkovda güclü atışmalar getdiyi üçün buradan kiminsə çıxarılmasının mümkünsüzlüyü qeyd edilib. Səfirlik, konsulluq bizimlə əlaqə saxlamır. Təkcə biz yox, Xarkovda digər azərbaycanlılar da çıxa bilmir. Şəhərdən çıxmaq üçün ya özün maşın tapıb çıxmalısan, ya da vağzala getməlisən. Vağzallar işləyir, pulsuz buradan Kiyevə, orada Lvova və sonra sərhədə 2 saat piyada getmək mümkündür. Amma sonra necə olacaq bilinmir. Bu gün məlumat gəldi ki, sərhəd bağlı idi, insanlar meşədə qalıb”.





Ayxan deyir ki, onlar əvvəlcədən bazarlıq ediblər, lakin qidaları artıq tükənmək üzrədir:

“Biz müharibənin başlayacağını və belə hadisələrin olacağını güman etmirdik. Bizə Azərbaycandan deyirdilər ki, “bəlkə qayıdasınız nəsə ola bilər”. Lakin biz razılaşmırdıq. Çünki Xarkovda vəziyyət yaxşı idi və heç kəs belə olacağını gözləmirdi.

Yemək heç hardan əldə edə bilmirik. Mağazalar bağlıdır, hərdənbir 1-2 saatlıq açılır, sonra bağlanır. Oğurluq çoxdur. Şəhərin içərisində minaların olduğu deyilir, ona görə deyirlər ki, çölə çıxmayın. Dünən Ukrayna nömrələrimizə mesaj gəldi ki, çölə çıxmayın, küçələr təmizlənəcək. Əvvəlcədən bir həftəlik ərzaq almışdıq ki, özümüzü təmin edək. Amma ərzağımız da bitmək üzrədir və nəsə etməliyik. Bizə heç kim kömək etmir, çarəsiz vəziyyətdə qalmışıq”.






Aytən Zəhra
AzVision.az


Teqlər: Ukrayna   Tələbə  



Xəbər lenti