Ukrayna niyə nüvə silahından imtina etdi və onu yenidən yarada bilərmi?

   Ukrayna niyə nüvə silahından imtina etdi və  onu yenidən yarada bilərmi?
  27 Fevral 2022    Oxunub:10419
1991-ci ildə SSRİ-nin dağılmasından sonra Ukrayna ərazisində bütün çatdırılma vasitələri ilə birlikdə 1700 sovet nüvə başlığı qalmışdı. Bu arsenal Ukraynanı planetin üçüncü ən böyük nüvə dövlətinə çevirmişdi. Lakin Ukrayna yalnız 1994-cü ilə qədər bu statusda qaldı, sonra isə bütün nüvə silahlarını könüllü olaraq Rusiyaya verdi.
Sovet mirası

Amerika Silahlara Nəzarət Assosiasiyasının məlumatına görə, 1991-ci ilə qədər Sovet İttifaqının 10.200 nüvə başlığı vardı. Fövqəldövlətin süqutundan sonra bu silahların əhəmiyyətli hissəsi yeni yaranan üç respublikada cəmləşdi: Ukraynada (1700), Qazaxıstanda (1216) və Belarusda (1120).

Rusiya strateji silahların idarə edilməsində formal olaraq aparıcı rol oynamağa davam edirdi. Lakin silahlar faktik olaraq MDB-nin birgə nəzarətinə keçdi və birliyin bütün üzvlərinin razılığı olmadan istifadə oluna bilməzdi.

Ukrayna nüvə silahını vetməyi açıq-aşkar istəmirdi. Ukrayna hökuməti ölkəni döyüşə hazır donanmaya və strateji silahlara malik güclü dövlətə çevirmək niyyətində idi. Belə bir siyasət gələcəkdə Moskva ilə qaçılmaz rəqabətə səbəb olacaqdı. Ukraynanın keçmiş ədliyyə naziri Sergey Qolovatıy açıq şəkildə bəyan etmişdi ki, ölkə Rusiyanın qarşısını kəsmək üçün hələ nüvə başlıqlarına ehtiyac duyacaq. Qeyd edək ki, beynəlxalq politoloqlar 1993-cü ildən qardaş ölkələr arasında münaqişələrin olacağını proqnozlaşdırırdılar.

Vaşinqtonun səsi

Ukrayna, Belarus və Qazaxıstanın tərksilah edilməsi ABŞ-ın vasitəçiliyi ilə baş tutdu. Məhz Vaşinqton gənc respublikaları strateji silahlardan əl çəkməyə sövq edən əsas gücə çevrildi.


Amerika siyasətçiləri ukraynalıların nüvə silahlarına nəzarət etmək qabiliyyətinə şübhə ilə yanaşırdılar və onun Şərqi Avropada yayılmasına qəti şəkildə qarşı idilər. Üç ölkənin birdən-birə “nüvə klubu”na daxil olması nə Rusiyaya, nə ABŞ-a, nə də başqa ölkələrə lazım idi.

İstifadə müddəti başa çatdıqdan sonra köhnəlmiş atom silahları məhv edilməli və Kiyev onları yeniləri ilə əvəz etməli idi. Ancaq nəzərə alsaq ki, ukraynalıların heç vaxt müstəqil nüvə proqramı olmayıb, bu problemləri həll edə bilməyəcəkdilər.

Bundan əlavə, Moskvadan qalan bütün raketlər uzaq məsafəli idi – 5-10 min km. arasında. Çünki o silahlar əvvəllər ABŞ-ı hədəf almışdı. Bu tip raketlər Rusiyanı cilovlamaq üçün tamamilə yararsız idi. Birləşmiş Ştatların Ukraynadan nüvə başlıqlarından imtina etməyi tələb etməsinin səbəblərdən biri bu idi.

Yenidənqurma dövrünün total korrupsiyası şəraitində amerikalılar həm də ukraynalıların bu raketləri başqalarına satacağından qorxurdular.

Yayılan şayiələrə görə, 90-cı illərdə Pakistanın nüvə silahı alveri etmək niyyəti vardı, İran, eləcə də terrorçu qruplar döyüş başlıqlarının satışı ilə bağlı onunla danışıqlar aparırdılar. Dünya oxşar hadisənin postsovet məkanında da baş verəcəyindən qorxurdu.

Yeri gəlmişkən, Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk bəyan etmişdi ki, onun nüvə çamadanı olmayıb, nüvə başlıqlarına nəzarət Yeltsinin əlində idi.

Budapeşt Memorandumu

Nüvə silahlarından imtinaya görə, Ukrayna Budapeşt Memorandumunda təsbit olunmuş yaxşı iqtisadi imtiyazlar, eləcə də təhlükəsizlik zəmanətləri əldə etdi. Əsas müddəalara görə, üç böyük dövlət - ABŞ, Böyük Britaniya və Rusiya Ukraynanın mövcud sərhədlərinə hörmətlə yanaşmağa, BMT-yə qoşulmasına və böhran zamanı kömək etməyə, nüvə hücumundan qorumağa, həmçinin Kiyevə qarşı hər hansı güc tətbiq etməməyə və iqtisadi təzyiq göstərməyəcəklərinə söz verdilər. Oxşar zəmanətləri bir müddət sonra Fransa və Çin də verdi.


Beləliklə, aparıcı dünya dövlətləri Ukraynanın tərksilah olmasını alqışladılar. Ancaq Kiyevin başqa seçimi yox idi. Atom silahlarını verməkdən imtina edəcəyi halda, ölkə siyasi baxımdan Qərbdən təcrid vəziyyətinə düşəcəkdi.

Ukrayna bu gün atom silahı yarada bilərmi?

Fevralın 21-də Rusiya hökuməti “DXR” və “LXR”-i rəsmən tanıdıqdan sonra Ukrayna Prezidenti Vladimir Zelenski Budapeşt Memorandumunun müddəalarına yenidən baxmaq niyyətində olduğunu açıqladı. Kiyev Qərb müttəfiqlərinin vəziyyətə daha fəal müdaxilə etməsinə nail olmaq niyyətindədir və yardımı qeyri-kafi hesab edərsə, özünün nüvə silahını yaratmaqla təhdid edir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun açıqlamalarına görə, Ukrayna həqiqətən də strateji silahlar yarada bilər. Lazımi sənədlər, təlim məktəbləri, uran mədənləri və hazır daşıyıcılar şəklində qalmış sovet mirasını nəzərə alsaq, ukraynalılar üçün bunu etmək İran və ya Şimali Koreyadan xeyli asandır.

Nadir Quliyev
AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti