"Solğun sevgilər” yeni səhnəsində

"Solğun sevgilər” yeni səhnəsində
  01 Mart 2022    Oxunub:3100
Fevralın 28-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində növbəti tamaşa nümayişi baş tutub .
Belə ki, teatrsevərlər bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı və “OYUN” müstəqil-inklüziv teatrının birgə layihəsi olan “Solğun sevgilər” tamaşasını izləyiblər.
Sağlamlıq imkanları məhdud yuxarı yaş qrupundan həvəskarların cəlb olunduğu inklüziv teatrın bu tamaşasında peşəkar aktyorlar da yer alıblar.



Görkəmli dramaturqumuz Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə onun “Solğun çiçəklər” dramı əsasında hələ 2019-cu ildə hazırlanan nümunə pandemiyadan sonra quruluş həlli və aktyor heyətindəki müəyyən dəyişikliklərlə təqdim olunub.
İnsanlara sevginin saflığını hər şeydən uca tutmağı tövsiyə edən tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılovdur.




Tamaşanın əsas ideyası sədaqət, dürüstlük, dostluq və saf məhəbbətin əbədiyaşarlığıdır. Fiziki əlillikdən çox mənəvi şikəstliyin qüsur olmasına diqqət çəkən səhnə işində baş rollardan savayı bütün obrazları həvəskarlar canlandırırlar.



Birhissəli səhnə nümunəsində rolları Məleykə Cəfərova (Sara), Türkay Cəfərli (Bəhram), Ülviyyə Əliyeva (Gülnisə), Zümrüd Qasımova (Vicdan), Səbinə Məmmədova (Pəri), Xəqani Əliyev (Azad), Qəndaf Əkbərli (Dəniz), Rəsul (Rəsul Zəkiyev), Kamilə Xəlilova (Tamam), Babək İsmayılov (Əbdül), Rəsul Məmmədli (Vəkil), Rüxsarə Zeynalova (Bərbər) və Ceyhun Mahmudov (Ceyhun) ifa edirdilər.



AzVision.az


Teqlər:





Xəbər lenti