“Bu, müxalifət qəzetlərinin qərəzidir”

“Bu, müxalifət qəzetlərinin qərəzidir”
  03 Aprel 2013    Oxunub:1446
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarından köçürülməsi ilə əlaqədar mətbuatda dərc edilən yazılara münasibət bildirib.
Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, son günlər bəzi müxalifət qəzetlərində qaçqzınların köçürülmə prosesi ilə bağlı həqiqətə söykənməyən, heç bir əsası olmayan, qərəzli yazılar dərc edilir: “Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi prosesi tam şəffaf, obyektiv şəraitdə, məcburi köçkünlərin özlərinin bilavasitə iştirakı ilə həyata keçirilir. Belə ki, bu məqsədlə Yasamal Rayon İcra Hakimiyyətinin, BDU-nun, əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinin, məcburi köçkün icmalarının, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarət xüsusi komissiya yaradılıb. Binaların və mənzillərin paylanılması həmin komissiya tərəfindən püşkatma yolu ilə həyata keçirilir. Otaqların sayı ailələrin say tərkibinə uyğun olaraq müəyyənləşdirilir.

Köçürülmə prosesi 2009-2010-cu illərdə BDU-nun yataqxanalarında faktiki müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin tərtib olunmuş siyahıları əsasında və yeni ailə qurmuş gənc ailələr və yeni anadan olmuş uşaqlar da nəzərə alınmaqla həyata keçirilir”.

Komitədən bildirilib ki, köçürülmə zamanı köçürülmə obyektində yaşamayan, yerli vətəndaşlarla ailə quraraq köçürülmə ərəfəsində nikahlarını süni şəkildə ləğv etmiş şəxslər, digər ərazilərdə müvəqqəti məskunlaşmış, lakin son vaxtlar mənzil əldə etmək məqsədilə yataqxanalarda yaşayan qohumlarının yanına gələn məcburi köçkünlər mənzillə təmin edilmələrini tələb edir, əsassız olaraq müxtəlif şayiələr yayır, təxribatçı hərəkətlərə yol verirlər:

“Belə vəziyyətdən isə bəzi müxalifət qüvvələri öz məqsədləri üçün istifadə etməyə, dövlətin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi genişmiqyaslı tədbirlərə kölgə salmağa cəhd göstərirlər. Bu cür yazı müəllifləri bir həqiqəti dərk etməlidirlər ki, ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan bütün məsələlər Azərbaycan hökumətinin gündəlik nəzarəti altında olduğundan və bu sahədəki işlər sistemli şəkildə həyata keçirildiyindən burada heç bir neqativ hala yol verilmir və yol verilə bilməz. Ona görə də bu cür yazı müəllifləri şər-böhtana yox, yalnız reallığa əsaslanmalıdırlar. Bu cür təxribatçı, şər-böhtan xarakterli yazıların heç bir əsası yoxdur”.



Teqlər:





Xəbər lenti