Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatdı - Fotolar +Yenilənib

   Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatdı -    Fotolar +Yenilənib
  16 Mart 2022    Oxunub:1915
Nizami Kino Mərkəzində keçirilən Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatıb.
AzVision.az xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılıb.

***
"Rüstəm dənizi sevirdi. O, bağını lap dənizin yaxınlığında tikmişdi. Onun Bakıya hər gəlişi bayram idi. Onun hər sözündə məna var idi, öz mövqeyi var idi. Ədalətsizliyi qəbul etmirdi, yaltaqlığa nifrət edirdi. Belə sənətkarları qorumaq lazımdır. Hər an doğulmur".

AzVision.az xəbər verir ki, bunu Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimində deyib:

"Birinci xanım Mehribgan Əliyeva öz sosial hesabında yazıb ki, "Rüstəmlə hər görüş yadda qalan idi". Bu, bizim məmurlara da bir işarə idi. Qızına müraciət edirəm, belə atanı itirmək inanılmazdır. Biz dahi insanı itirdik", -deyə F.Bədəlbəyli əlavə edərək göz yaşlarını saxlaya bilməyib.



***
"Kino sənəti, ədəbiyyat, teatr sənəti böyük insanı, oğlunu itirdi. O, həm 20-ci əsrin, həm də 21-ci əsrin övladı idi".

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Alxanlı Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimində deyib:

"Onun ürəyi Azərbaycanla döyünürdü. Onun əsərlərini yaşatmaq lazım deyil, özü yaşayacaq. Rüstəmin yaratdığı İbrus teatrini isə biz yaşatmalıyıq. O, teatr yox olub getməli deyil".



***
Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.


AzVision.az xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edir.

Mərasimdə mərhumun birinci həyat yoldaşı Şöhrət İbrahimbəyova və oğlu Orxan İbrahimbəyov da var. Şöhrət İbrahimbəyova jurnalistlərə açıqlamasında bildirib:

"Rüstəm İbrahimbəyov gözəl və ağıllı insan idi. Onun son istəyi və arzusu haqqında məlumatlı deyiləm. Çünki üç ay xəstəxanada qalıb. Onu nə görmüşəm, nə də danışa bilmişəm".

Mərhumun oğlu Orxan İbrahimbəyov isə qeyd edib: "Bir valideyn kimi atamı Atamın itirmək mənim üçün çox ağırdır. Bu bizim üçün gözlənilməz oldu.
Sevindirici haldır ki, atamın nəşi Azərbaycana gətirildi və o, öz vətənində dəfn olunacaq. O, çox gözəl insan, gözəl ata və qeyri-adi incəsənət adamı idi. Son anında deyirdi ki, əgər geri qayıda bilməsəm, əvəzimə köhnə dostlarımı qucaqla və sevgimi çatdır".

Mərasim Rüstəm İbrahimbəyovun həyatından kadrlar göstərilməklə başlayıb.

Vida mərasimindən sonra mərhumun cənazəsi dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılacaq.

Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-i Vətənə gətirilib.






























Şahanə Rəhimli
Foto: Anar Bayramlı

AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti