20 Yanvar qırğınını dünyaya çatdıran , Oljas Süleymanovu Bakıya gətirdən azərbaycanlı

      20 Yanvar qırğınını dünyaya çatdıran   , Oljas Süleymanovu Bakıya gətirdən azərbaycanlı
  15 Mart 2022    Oxunub:1113
Bu gün 20 Yanvar qırğınını dünyaya çatdıran və informasiya blokadasını yaran azərbaycanlının -Oruc Şirinovun doğum günüdür.
AzVision.az xəbər verir ki, O. Şirinov 1990-cı ildə Rabitə Nazirliyinin beynəlxalq danışıqlar şöbəsinin rəisi olub. Həmin dövrdə heç kimin cəsarət edə bilməyəcəyi işi görən bu şəxs SSRİ DTK-dan qorxmayaraq bütöv bir rabitə xəttini Azadlıq Radiosuna birbaşa zəng vurmaq üçün açıb.

Bəxtiyar Vahabzadənin ağlaya-ağlaya "Mirzə, bizi qırırlar" sözlərini dediyi əşhur səs yazısı məhz o vaxt yazılıb. Rabitəçi Oruc SSRİ-nin qanlı cinayətini radio ilə bütün dünyaya çatdırmaq üçün ziyalılarımızı "Azadlıq" Radiosunun Azərbaycan xidmətinin o zamankı rəhbəri Mirzə Xəzərlə calaşdırıb.

Qardaşının həyat yoldaşı və məsləkdaşı Səkinə Türkər: “Oruc 1959-cu ilin martın 15-də Qubadlı rayonunun Hal kəndində dünyaya gəlib. Orucluq bayaramında doğulduğuna görə nənəsi Məstan xanım ona bu adı verib. Ancaq ailədə müğənni Qulu Əgərova böyük rəğbət olduğuna görə Oruc adına həm də Qulu adını əlavə ediblər, yəni tam adı Oruc Qulu olub. Qaynım 14 yaşına çatanda etiraz edib, deyib ki, “mən heç kimin qulu, nökəri deyiləm”. Ona görə də adının birinci hissəsini saxlatdırıb, Qulu hissəsini isə çıxartdırıb”.

O.Şirinovgil alədə 3 qardaş, 3 bacı olublar. İstər ata, istərsə də ana tərəfdən sıradan bir ailə, tayfa olmayıblar. Ata tərəfində zəka, ana tərfində isə həm zəka, həm də inqilabçılıq olub.



Səkinə Türkər: ” Yeniyetmə vaxtlarında əyninə plaş geyib özünü "Baharın on yeddi an"ı filminin qəhrəmanı Maks Otto fon Ştirlisə bənzədirdi. Məndən soruşurdu ki, bacı, ona oxşayıram? Deyirdim, sən ondan da cəsarətlisən.

20 yanvar faciəsində Oljas Süleymanovu Bakıya gətirdən Oruc olub. Bəxtiyar Vahbazdə danışırdı ki, Oruc çox çətinliklə, zülümlərlə rabitənin keçilməz yolları ilə Oljası tapıb və onunla calaşdırıb”.

O. Şirinov Qarabağa silah daşınmasında və ərazilərimizin müdafiə olunmasında böyük fədakarlıq göstərib.

“Salyan kazarmasına gedirdi, oradan silahları maşına doldurub Qarabağa aparırdı. Şəhid olduğu gün də Qarabağdan gəlmişdi. Bakıya silah aparmaq üçün qayıtmışdı… Kazarmaya silah dalınca gedib. Görüb ki, karvan gedir, sovet ordusunun əsgərləri silahları da aparırlar. Deyib, “Azərbaycanın silahını hara aparırsınız? Geri verin”. Həmin vaxt, yəni martın 19-u onu vurublar. 33 yaşında həyata vida etdi - Səkinə xanım göz yaşı içində həmin günləri yada salır.

Oruc bəyin özündən sonra iki oğlu, bir qızı yadigar qalıb. Böyük oğlunun adı Musadır, ikinci övladı Səkinəyə isə anasının adını verib. Üçüncü övaldı Atatürkdür. Atası rəhmətə gedəndə sonbeşiyin 3 yaşı hələ olmamışdı. Çox ləyaqətli bir xanımı var. Övladlarını onun adına layiq böyütdü. Ali təhsil aldılar, indi dövlət qulluğundadırlar.

Qeyd edək ki, Oruc Şirinovun məzarı Şəhidlər Xiyabanındadır.



AzVision.az


Teqlər:



Xəbər lenti