Afrikada buğda və bəzi ərzaq çatışmazlığı yaranacaq
AzVision.az xəbər verir ki, bu barədə Afrika qitəsinin ən böyük universiteti olan Cənubi Afrika Universitetinin əməkdaşı Dirk Kotse xəbərdarlıq edib.
Rusiya dünyada ən böyük buğda ixracatçısıdır və Ukrayna bu bazarda beşinci yeri tutur. Son illərdə onlar birlikdə dünya üzrə arpa ehtiyatının 19%-ni, buğdanın 14%-ni və qarğıdalının 4%-ni təmin edirdilər. Nəticədə dünya taxıl ixracının üçdə birindən çoxu Rusiya və Ukraynanın payına düşür. Günəbaxan yağının dünya ixracında onların payı 52%-ə çatır. Rusiya həm də dünyanın ən böyük kənd təsərrüfatı gübrələri istehsalçısı və ixracatçısıdır.
Rusiya və Ukraynadan buğda idxal edən bir çox Afrika ölkələrinin səlahiyyətliləri artıq bəyan ediblər ki, Qərbin Rusiyaya qarşı sanksiyaları davam edərsə, buğda və buğda məhsullarının qiymətində artım gözlənilir. Nəticədə gəlirlərinin əhəmiyyətli hissəsini ərzağa xərcləyən əhalinin ən yoxsul təbəqəsi əziyyət çəkəcək. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan isə vurğulayıb ki, baş verən hadisələr fonunda Afrikada aclıq problemi artacaq. Rusiya buğdasının əsas alıcıları Cənubi Afrika, Mozambik, Keniya, Malavi Capo-Verde və Somalidir.
AzVision.az