"Fərrux əməliyyatı"ndan sonra ermənilər acı taleləri ilə barışıblar - ŞƏRH

      "Fərrux əməliyyatı"ndan sonra ermənilər acı taleləri ilə barışıblar -    ŞƏRH
  28 Mart 2022    Oxunub:2530
Martın 29-u Azərbaycan tarixinə daha bir hərbi uğur kimi yazıldı. Azərbaycan Ordusu Xocalı rayonunun Fərrux kəndini erməni silahlılarından təmizləyərək Qarabağda mühüm strateji yüksəkliyə nəzarəti ələ keçirdi.
Uğurlu əməliyyatdan sonra hərbçilərimiz bölgədə dislokasiya işləri apararaq mövqeləri möhkəmləndiriblər. Hərbi ekspertlərin fikrincə, Fərrux yüksəkliyinin Azərbaycan hərbçilərinin nəzarəti altına keçməsi bölgədə qalmış erməni silahlılarına ciddi zərbə kimi qiymətləndirilməlidir.

Məsələni AzVision.az –a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, bundan sonra da Qarabağ torpağında baş verəcək istənilən hərbi təxribatın qarşısı uğurla alınacaq.

Fərrux kəndində Azərbaycan bayrağı qaldırılıb - VİDEO
- Fərrux kəndinin Azərbaycan Ordusunun nəzarətində olmasının bizim üçün mühüm hərbi-strateji əhəmiyyəti var. Bu üstünlüyümüz birbaşa olaraq erməni silahlılarının Qarabağ ərazisindəki, o cümlədən Ağdərə və Xankəndi istiqamətində fəaliyyətlərinə həm vizual, həm də atəş nəzarətini həyata keçirməyə imkan verir. Digər tərəfdən, Fərrux kəndi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan Xocalı rayonunun ərazisinə daxildir. Bu, Azərbaycanın Qarabağa nəzarəti tam şəkildə həyata keçirmək üçün zəruri olan fəaliyyətlərinin bir hissəsi kimi qiymətləndirilməlidir.

Əgər Rusiya sülhməramlıları üzərilərinə düşən vəzifələri zamanında, yəni 16 ay əvvəl icra etsəydilər və nəticədə bu gün erməni silahlıları Qarabağda olmasaydı, nə indiki gərginlik yaşanardı, nə də ki biz bəlli bir erməni itkilərini izləmiş olardıq. Dolayısı ilə Qarabağda baş verən gərginliyə və ermənilərin itkilərinə görə məsuliyyət bu silahlı qruplar qədər sülhməramlıların da üzərinə düşür.


Ədalət Verdiyev Azərbaycan Müdafiə Nazirliyinin hərbçilərimiz arasında yaralıların belə olmaması barədə bəyanatını da diqqət çəkən amil kimi qiymətləndirib.

- Bu onu göstərir ki, erməni silahlıları hətta Azərbaycan Ordusuna yaxınlaşmağa belə cürət etmirlər. Onların itkilərinin hansı səbəblərdən qaynaqlanmasına toxunmuram. Çox vaxt biz belə informasiyalarla rastlaşırıq ki, onların daxilində ciddi problemlər yaşanır, nizam-intizam xaotik səviyyədədir. Bütün bunlar həmin silahlıların ölümləri ilə nəticələnir.

Son hadisələr göstərdi ki, Azərbaycan Fərrux kimi dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Daşbaşı yüksəkliyini bir nəfər yaralı belə vermədən azad etdi. Mənim ərazidə olan heyətlə müəyyən əlaqələrim var. Ordumuzun mənəvi-psixoloji durumu, ruh səviyyəsi kifayət qədər yüksəkdir. Hazırda ölkəmizə qarşı heç bir təhdid müşahidə olunmur. Dolayısı ilə desək artıq erməni silahlıları acı taleləri ilə barışıblar. Amma növbəti təxribatların Xocavənd istiqamətində ola biləcəyinə dair müəyyən siqnallar daxil olmaqdadır. Əgər bu baş verərsə, Azərbaycan Ordusu növbəti yerdəyişmə proseslərini Xocavəndin Taqaverd kəndi istiqamətində həyata keçirə bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qarabağ   Hərbi-Ekspert   Fərrux-Yüksəkliyi   Erməni  



Xəbər lenti