Ayaz Mütəllibovla bağlı maraqlı xatirə: O, rus generalına nə demişdi?

   Ayaz Mütəllibovla bağlı maraqlı xatirə:    O, rus generalına nə demişdi?
  28 Mart 2022    Oxunub:1985
“Ayaz Mütəllibovu millətini, dövlətini sevən biri kimi tanımışam. Çalışırdı ki, münaqişələr sülh yolu ilə həll olunsun”.

AzVision.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov mərhum keçmiş prezident Ayaz Mütəllibovu anarkən deyib. O bildirib ki, keçmiş Prezident Azərbaycanın ictimai-siyasi həyatında çox ciddi addımlara imza atıb.
“Mütləlibovu zavod direktoru işləyəndən tanıyıram. Onunla bir yerdə işləmişəm. Mən bir başqa zavodun direktoru, o isə digər bir zavodun direktoru olub. Həyat yoluna baxanda belə hesab edirəm ki, Azərbaycanın ictimai-siyasi həyatında çox ciddi addımlara imza atıb. Çox əziyyətlər çəkib və kifayət qədər təcrübəsi olub. Bildiyiniz kimi Azərbaycan müstəqillik əldə etdiyi dövrdə Ayaz Mütəllibov baş nazir olub, sonra isə Azərbaycanın ilk prezidenti seçilib.

1990-1991-ci illərdə , keşməkeşli dövrlərdə hesab edirəm ki, Azərbaycanın bütövlüyünü qoruyub saxlamaq üçün müəyyən ciddi işlər görüb. 1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini elan edəndə müstəqllik aktına imza atan prezident məhz Ayaz Mütəllibov olub. O cümlədən Azərbaycanın BMT-yə üzvlüyü onun dövründə oldu.



Mən Mütəllibovu millətini, dövlətini sevən dövlət başçısı kimi tanımışam. Hakimiyyətdən getməmişdən öncə mənə köməkçisi zəng etdi ki, bəs “Ayaz Niyaziyeviç səni gözləyir, gəl”. Gedib gördük ki, Prezident aparatının həyətində kifayət qədər silahlı insan, o cümlədən Rusiya silahlıları var. Mən yuxarı qalxdım. Yanında baş nazir Rəhim Hüseynov, DTX- nın o vaxtki rəhbəri İlhüseyn Hüseynov, Rusiyadan da bir general var idi. Gördüm ki, çox ciddi mübahisə gedir. O vaxtı xalq cəbhəsi Səbaildə yerləşirdi. Rus generalı deyirdi ki, “icazə ver biz onları götürüb aparaq. Heç bir problem olmayacaq. Uzağı 8-10 nəfəri həbs etmək lazım olacaq”. Onda Ayaz Mütəllibov dedi: “Əgər mən bilsəm ki, yerimə doğru adam gələcək, o səlahiyyət mənə lazım deyil”. Mənim gözümün qarşısında olan hadisədir. Sonra mənə dedi ki, Vahid müəllim, cəbhəçilərlə münasibətin yaxşıdır. Çağır gəlib danışsınlar, bu məsələni bir təhər yoluna qoyaq. Mən də dedim problem yoxdur, amma hiss edirəm ki, onlar artıq qərarlarını veriblər.



Ayaz Mütəllibov kifayət qədər millətini sevən bir insan olub. Çalışırdı ki, münaqişələr sülh yolu ilə həll olunsun. O görüşdə istəsəydi, deyərdi ki, problem yoxdur, həll edin. Məsələ həll olunacaqdı və şəxsi həyatı üçün ciddi problem yaşanmayacaqdı.

Azərbaycan dövləti onun dəfni ilə bağlı göstərişlər verib. Bununla bağlı Prezident və xanımı I vitse-prezidentə təşəkkür edirəm. Ailəsi fəxr etsin ki, belə bir atanın övladlarıdır”.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti