Hoçaz dağı uğrunda döyüşüb qəhrəmancasına şəhid oldu

 Hoçaz dağı uğrunda döyüşüb qəhrəmancasına şəhid oldu
  29 Mart 2022    Oxunub:1730
Ulu Göyçə mahalı həmişə öz təbiəti, qonaqpərvərliyi, zəhmətkeş insanları ,cəsur igidləri ilə seçilib. Bu gün sizə Göyçə mahalında dünyaya göz açmış və Birinci Qarabağ müharibəsində şəhid olmuş Cəfərov Abbasəli barədə söhbət açmaq istərdim.
Cəfərov Abbasəli Güləli oğlu 1972- ci ilin aprel 1-də Göyçə mahalının Basarkeçər ( Vardenis ) rayonu Şəfəq kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Atası Güləli kişi öz əməksevərliyi, mərdliyi ilə həmin kənddə ad qazanıb. Abbasəli ailədə sonbeşik olaraq dünyaya göz açıb. Atası Güləli kişi öz qardaşı Abbasəlinin II dünya müharibəsində 20 yaşında vaxtsız ölümündən kədərlənib. Buna görə də vaxtsız dünyadan köçən və şəhid olan qardaşı Abbasəlinin adını yenicə doğulan körpəsinə qoyub. O bu adı qoymaqla özünə təsəlli tapıb və onun adını yaşatmaq istəyib. Taleyin oyununa baxın ...

Abbasəli 1979 -1989-cu illər ərzində Basarkeçər rayonu, Şəfəq kənd orta məktəbində təhsil alıb. Balaca Abbasəli məktəb illərində öz igidliyi, mərdliyi, cəsurluğu, çalışqanlığı ilə seçilib. Orduya böyük marağı olub. Bu səbəbdən məktəbi bitərəndən sonra 1990- cı ildə könüllü olaraq ordu sıralarına yazılıb. Sovet höküməti onu Rusiyaya hərbi xidmət keçməyə göndərib. Rusiyada 2 illik hərbi xidmət keçəndən sonra Azərbaycana qayıdıb. Lakin Abbasəlinin qayıtdığı dönəmdə Azərbaycanda Birinci Qarabağ müharibəsi başlamışdı. Bu vaxt hərbi xidmətdən yenicə qayıtmasına baxmayaraq, Abbasəli vətənin qeyrətini bağrına basıb yenidən Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə könüllü olaraq yollanıb.

1992- ci ilin avqust ayında Laçın istiqamətində döyüşlərdə vuruşub və qəhrəmanlıq göstərib. Düşmənin bir neçə postunun ələ keçirilməsində iştirak edib. Abbasəlinin bu qəhrəmanlığından sonra döyüş komandiri tərəfindən başqa tapşırığa əsasən Laçının Hoçaz dağı istiqamətində gedən döyüşlərə göndərilib. Hoçaz dağı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib.

1992- ci ilin oktyabrın 5-də yağı düşmənlə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb və oktyabrın 5-dən 6-na keçən gecə şəhid olub. Taleyin qismətinə bax.. Əmisi Abbasəli də II dünya müharibəsində (1941-1945 ci il) 20 yaşında şəhid olmuşdu. Əmisinin adını daşıyan Abbasəli də elə adı kimi onun tale yolunu yol keçdi və eyni yaşda şəhidlik zirvəsinə ucaldı. İndi Abbasəlinin Qəbri müqəddəs and yerimiz olan Şəhidlər xiyabanında dəfn olunub.

Bu gün Prezidentin siyasəti və cəsur igidlərimizin səyi nəticəsində İkinci Qarabağ Müharibəsində bu torpaqlar geri qaytarıldı. Ruhunuz şad olsun dəyərli Azərbaycan şəhidləri !!!. Bu gün sizlərin sayəsində Vətən torpağı azaddır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti