Vüqar Bayramov: “Daha ciddi qıtlığın olacağı istisna deyil”
“332 milyard 200 milyon dollar illik ixracatı olan Rusiyanın bir sıra ərzaq məhsullarının yalnız daxili istehlaka yönəltməsi də qlobal bazarda təklifi azaldıb. Ərzaq tələbi isə artmaqda davam edir.
Artıq əksər ölkələr preventiv addımlar atmağa başlayıblar. Azərbaycanda Nazirlər Kabinetinin 28 ərzaq məhsulunun ixracatının tənzimlənməsi ilə bağlı qərarı da məhz önləyici məqsəd daşıyırdı. Doğrudur, söhbət sadəcə 88,3 milyon dollarlıq ərzaq ixracatından gedir. Bu, Azərbaycanın ümumi qeyri-neft ixracatının cəmi 3,3 faizini təşkil edir. Bu baxımdan Nazirlər Kabinetinin son qərarı ümumi ixracata xüsusi təsir etməyəcək. Bununla yanaşı, qlobal və regional bazarlardakı qeyri-müəyyənlik fonunda preventiv tədbirlərin güclənməsi çox vacib idi.
Azərbaycanda ərzaq qıtlığı müşahidə edilməsə də, əsas ərzaq məhsullar üzrə idxaldan asılılığın tam və ya əsasən aradan qaldırılması daha prioritetləşib. Digər tərəfdən, 2025-ci ilədək dünya bazarında ərzağa tələbin artmaqda davam edəcəyi gözlənilir. Hətta 3 il sonra qlobal bazarda daha ciddi qıtlığın olacağı istisna deyil.
Bu baxımdan da, xüsusən strateji ərzaq məhsulların yerli istehsalının genişləndirilməsi və xüsusən işğaldan azad olunan ərazilərimizin potensialından daha qısa zamanda istifadəyə başlanılması çox önəmlidir. Bütövlükdə, dünya sadəcə qiymət artımları ilə deyil, həmçinin ərzaq qıtlığı ilə də üz-üzədir. Hər bir ölkə bu mərhələdən daha az itki ilə çıxmağa çalışacaq”.
AzVision.az
Teqlər: Ərzaq