5 saniyəyə ev?! Güzəştli mənzilləri kimlər alıb?

     5 saniyəyə ev?! Güzəştli mənzilləri kimlər alıb?
  30 Mart 2022    Oxunub:3419
Xəbər verdiyimiz kimi, bu gün Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 442 güzəştli mənzilin seçimi başa çatıb. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaydığı məlumatda bildirib ki, saat 11:00-da proses başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatıb
Lakin evlərin qısa zamana satılması əhalinin ciddi narazılığına səbəb olub. Belə ki, sosial şəbəkədə 500 mənzilin 5 saniyə içərisində “yoxa çıxdığı” qeyd edilib. İnsanlar qısa zamanda evlərin satılmasının mümkün olmadığını bildirirlər. Onlar qeyd edirlər ki, bir ay müddətində saytın DEMO variantı aktiv olub və ev almaq istəyən şəxslər orada təlim keçiblər ki, prosesi tez zamanda başa çatdırıb ev sahibi olsunlar. Təlim keçənlər də qısa zamanda evlərin alınmasının mümkünsüzlüyünü qeyd edirlər.

Bəs 5 saniyə ərzində bütün prosedurlardan keçib evi almaq mümkündür?

Texno-bloger Fərid Pərdəşünas AzVision.az -a açıqlamasında bildirib ki, botlar (avtomatlaşdırılmış komanda) yazmaqla qısa zamanda bunu etmək mümkündür: “İnternetdə bəzi görüntülər yayılıb, onlara aydınlıq gətirilsə, yaxşı olar. Orada insanlar botlardan istifadə edib, DEMO-da məşqlər edirdi. Lakin MİDA deyə bilər ki, "botlara qarşı "Google captcha"dan istifadə edirlər, əgər buradan da keçirsə, o zaman google-a şikayət etsinlər". Çünki bunun qarşısını MİDA ala bilməyəcək. Ümumiyyətlə, sistem yanlışdır, evlər onlayn satılmamalıdır”.

F.Pərdəşunas kimlərinsə fərdi proqramçı tutmasının mümkünlüyünü vurğulayıb: “Ola bilər ki, kimsə fərdi proqramçı tutdurub, ona proqram yazdırıb. Bu, ancaq fərdi şəkildə kibermüdaxilələrlə olur. Hazır proqram yazılır, insanın etdiyini ekranda o edir və ona çox az zaman lazım olur. Beləliklə, vaxt qısalır. Lakin təhlükəsizlik üçün captcha qoyulub. Onu necə keçirlər, mənə də maraqlıdır. Müəmmalı məsələ odur. Bot edibsə, "captch"adan necə keçib? Adi adam edibsə, 500 ev qısa zamanda necə satılıb? Hamısı İT mütəxəssisidir?”

Aytən Zəhra
AzVision.az



Teqlər: MİDA  



Xəbər lenti