"Kiyevə nüvə atılsa, ABŞ 15 dəqiqəyə Kremli vuracaq" – Putinin tələbə yoldaşı

  "Kiyevə nüvə atılsa, ABŞ 15 dəqiqəyə Kremli vuracaq" –    Putinin tələbə yoldaşı
  31 Mart 2022    Oxunub:4516
Rusiya Prezidenti Vladimir Putin Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə ABŞ Kremlə hava zərbəsi endirəcək. AzVision.az xəbər verir ki, bunu keçmiş KQB kəşfiyyatçısı, Rusiya Prezidenti Vladimir Putinin tələbə yoldaşı Yuri Şvets "QORDON" nəşrinə müsahibəsində deyib. KQB zabiti öz mənbələrinə istinad edib.
Şvetsin sözlərinə görə ABŞ Ukraynaya qarşı kimyəvi silahdan istifadəni NATO-ya hücum kimi qiymətləndirəcəyini bəyan edib.

"Rusiya Ukraynada nüvə silahından istifadə etməyəcək" - Peskov
- Kimyəvi silahlara gəlincə, mesaj çox aydın idi: "Əgər siz onu Ukraynaya atmış olsanız, biz hesab edirik ki, siz bunu NATO-ya qarşı istifadə etmiş olacaqsınız. Vəssalam." Mən hərbi və digər siyasi məsələlərlə əlaqəli insanlarla danışıram. Onlardan Ukraynada taktiki nüvə silahından istifadə ediləcəyi təqdirdə nələrin baş verəcəyini soruşuram. Cavab verirlər ki, “Biz onları bombalayacağıq. Sadəcə bombalar atacağıq!” Bax beləcə birmənalı cavablar aldım, - Şvets deyib.

"QORDON"un redaktoru Ales Batsman proseslərdən məlumatları olan KQB zabitindən "Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə cavab zərbələrinin Kremlə hansı müddətə çatacağını" da soruşub.

- Bu məsələdə bir sirr var ki, bunu da Pentaqonda, Ağ Evdə yalnız bir neçə nəfər bilir. Hər şey nüvə başlıqları olan Amerika sualtı qayıqlarının Kremldən nə qədər uzaq olmasından asılıdır. Amma onlar artıq yaxınlıqdadırlar. Bunu mən tamamilə dəqiq deyirəm.

İkincisi, birvaxtlar Reyqanın yerləşdirdiyi qanadlı raketlər də var ki, sonradan onlar 1987-ci ildə orta mənzilli raketlərin ləğvi ilə bağlı qarşılıqlı razılaşma nəticəsində ləğv edildi. Son 2-3 ildə onları təkmilləşdiriblər. İndi tamamilə yeni raketlər olublar və onlar Dəniz Piyadaları Korpusunun ixtiyarındadır. Raketlər heç vaxt Dəniz Piyadaları Korpusuna verilməyib. İndi isə həmin silahlar onlara təhvil verilib.

Bəs dəniz piyadası nədir? Bu çevik davranan xüsusi hərbi gücdür. Loru dildə desək bu birliklər bir saat ərzində Avropanın hər yerində ola bilərlər. Eləcə də raket buraxa bilərlər. Sualınıza tam dəqiqliklə cavab versəm, təxminən 15 dəqiqəyə... Əgər Kremldəki bu ağıllılar düşünürlərsə ki, ən hiyləgər adamlardılar və onların konkret məqamlarda olduqları məkanları bilinmirsə, o zaman dərin yanılırlar, - Şvets cavab verib.

Qeyd edək ki, Qərb mediası Rusiyanın Ukraynada taktiki nüvə silahından istifadə edəcəyinə dair dəfələrlə məlumatlar paylaşıb. Moskvada isə Rusiyaya ciddi təhlükə olmayacağı təqdirdə belə genişmiqyaslı dağıntılara səbəb olan silahlardan istifadə edilməyəcəyi bəyan edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   ABŞ   Nüvə  





Xəbər lenti