Rusiyanın tərəfdaşları üçün yeni imkan və risklər yaranır – Müsahibə

   Rusiyanın tərəfdaşları üçün yeni imkan və risklər yaranır –    Müsahibə
  03 Aprel 2022    Oxunub:2108
“Rusiyaya qarşı sanksiyalar bir neçə müstəvidə həm təhlükə, həm də fürsət kimi qəbul edilə bilər. Bir çox texnoloji məhsullar, istehlak malları Rusiya bazarı üçün əlçatmaz olacaq. Çünki bu məhsulların çoxu Rusiyaya sanksiyalar tətbiq edən ölkələrdə istehsal olunur. Bir sıra tərəfdaşların isə Rusiya bazarında bu məhsulların və şirkətlərin yerini tutmaq imkanı var”.
Bu sözləri AzVision.az -a Sülhməramlı Təşəbbüslər və Konfliktologiya İnstitutunun direktoru Denis Denisov deyib. Onun fikrincə, bu kontekstdə də müəyyən risklər var: Rusiya bazarında fəaliyyət göstərəcək şirkətlər ABŞ və onun müttəfiqləri tərəfindən təzyiqlərə məruz qala bilərlər. Amma həmin şirkətlər və ölkələr öz milli maraqlarını güdürlərsə, xüsusilə də, iqtisadi səmərə və siyasi dividendlər ağır gəlirsə, bu cür məhdudiyyətlər onlar üçün dəfedilən ola bilər.

- Rusiya tərəfdaşları ilə necə qarşılıqlı əlaqələr qurmalıdır ki, yeni sanksiyalar qarşısında iqtisadiyyatnı inkişaf etdirə bilsin?
- Rusiyanın strateji yolu avtarkiyaya transformasiya olunmaqdan keçir. Yəni ənənəvi, orijinal mənada qapalı iqtisadi sistemə keçməlidir. Amma indiki reallıqlarda dost bloklar və dost dövlətlərlə əməkdaşlıq imkanlarından istifadə etməlidir. Rusiyanın xarici işlər nazirinin Qərb ölkələri və təşkilatları ilə qarşılıqlı fəaliyyətin alternativlərinin olduğunu söyləməsi əbəs yerə deyil. Bu həm də ŞƏT, BRİKS və ABŞ-ın təsirinin az olduğu, demək olar ki, olmadığı bir sıra digər formatlara da aiddir. Buna görə də alternativlər mütləq mövcuddur. Sadəcə, indi onları mümkün qədər gücləndirmək lazımdır. Bu, bir çox cəhətdən həm Rusiya Federasiyasından, həm də tərəfdaşlardan asılıdır. Düşünürəm ki, bu ssenari ilə bağlı heç bir xüsusi problem olmayacaq.
Özər: “Tramp sanksiyaların qismən ləğvinə çalışacaq”

- Rusiyaya qarşı sanksiyalar Çinin “Bir kəmər, bir yol” layihəsinə necə təsir edə bilər?
- Təbii ki, mənfi. Rusiyanın bank sektoruna və digər dövlət qurumlarına tətbiq edilən məhdudiyyətlər Çinin “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsinə birbaşa təsir göstərir və bu təsir davam edəcək. Amma eyni zamanda Çinin layihəsi reallıqlara və müasir dünyanı müşayiət edən təhlükələrə uyğunlaşarsa, məhdudiyyətlərin ona müsbət təsir göstərməsi də mümkündür. Yəni “Bir kəmər, bir yol” layihəsi daha mobil, səmərəli və adekvat ola, nəticədə anti-Rusiya sanksiyaları qarşısında daha da güclənə bilər.

- Rusiya bu gün iqtisadi baxımından Çinə hansı ümidləri bağlayır?
- Ənənəvi Rusiya-Çin münasibətləri hər iki tərəfdaşın maraqlı olduğu strateji xarakter daşıyır. Son 20 ildə, pandemiya ilə bağlı bir neçə ili istisna etsək, ikitərəfli ticarət çox dinamik olub və intensiv inkişaf edib. Hesab edirəm ki, bu proses davam edəcək və təəccüblü heç nə olmayacaq.

Başqa bir məsələ Çin aktorlarının Rusiyaya münasibətlərində bəzi məhdudiyyətlərin olmasıdır. Onlar Qərbdəki maliyyə sektoru ilə bağlı hələ ki bir qədər ehtiyatlı davranırlar. Ancaq eyni zamanda bütün strateji sahələrdə, beynəlxalq siyasət, beynəlxalq iqtisadiyyat, ümumən beynəlxalq münasibətlər kimi əsas məsələlərdə hər iki ölkənin yetərincə konsolidasiya edilmiş baxış bucağı mövcuddur. Bu, Çin və Rusiya Federasiyası liderlərinin son görüşü zamanı imzalanmış kommünikedə də əksini tapıb və düşünürəm, indiki şəraitdə əsaslı dəyişiklik olmayacaq. Bu əlaqələrin konstruktiv işgüzar məcrada olacağını düşünürəm.

Cavad Muradov
Nadir Quliyev

AzVision.az


Teqlər: Sanksiya  





Xəbər lenti